“Görülən işlər və aparılan danışıqların Türkmənistanın TDT-də müşahidəçi statusdan tam üzv olmasına gətirib çıxaracağına inanırıq"
“Türkmənistan qazının Türkiyə vasitəsi ilə Avropaya nəqli mühüm addım olacaq. Ancaq burada həyata keçirilməsi vacib olan bəzi məqamlar var. Türkmənistan Xəzər sahilində yerləşən digər ölkə - Azərbaycanla bu məsələni həll etməlidir. Hazırda danışıqlar davam edir. Keçirilən görüşlərdə müsbət məqam əldə olunub”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən söyləyib.
Türkiyə lideri bildirib ki, Türkmənistanda hasil edilən təbii qazın Azərbaycandan keçərək Türkiyəyə, oradan da digər ölkələrə nəqli üçün üç ölkənin müvafiq enerji nazirləri əhatəli müzakirələr aparacaq.
R.T.Ərdoğan açıqlamasında əlavə edib ki, 2023-cü ilin əvvəlində Türkmənistan Prezidentinin Türkiyəyə rəsmi səfəri gözlənilir və bu məsələlərə orada yekun qoyula bilər.
Bu gün atılan addımların Türkmənistanı TDT daha da yaxınlaşdırıdığını deyən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk "Sherg.az"a bildirib ki, Azərbaycan və Türkiyə rəhbərliyi bu istiqamətdə uğurlu işlər görürlər:
"Türkmənistan rəhbərliyi ilə keçirilən görüşlər rəsmi Aşqabada TDT əməkdaşlığı ilə yeni imkanlar yaradır. Düşünürəm ki, Türkmənistan prosesdən kənarda qala bilməz.
Çünki Türk birliyi zamanın və geosiyasi proseslərin tələbidir.
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyədən keçməklə, Avropaya nəqli isə Türk birliyinin güclənməsinə təsir göstərən amillərdəndir biridir. Bunun müsbət tərəfləri çoxdur.
Bu həm də qardaş Türkyənin mövqeyini gücləndirir. Türkiyə güclü olarsa, Türk birliyi də güclü olacaq. Türkiyə Avropada söz sahibinə çevriləcək.
Digər tərəfdən bu həm də yeni vəsaitlərin daxil olması deməkdir. Yəni iqtisadi imkanları genişləndiriləcək və qarşılıqlı yatırımlar artacaq.
Ən əsası isə Türkmənistanın Türk birliyinə daha da yaxınlaşmasına səbəb olacaq. Görülən işlər və aparılan danışıqların Türkmənistanın müşahidəçi statusdan tam üzv olmasına gətirib çıxaracağına inanırıq".