“Çünki o da insandır və millətin şaxtada, soyuqda mübarizəsini görüb, simpatiyasını ifadə edib"
Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları ilə bağlı yayılan video və şəkillər sosial şəbəkədə böyük rezonans doğurub. Belə ki, yayılan kadrlarda azərbaycanlı ekofəalların sülhməramlı kontingentin üzvü ilə səmimi söhbəti yer alıb. Rusiya sülhməramlısı aksiya iştirakçısının qulağına “ Narahat olmayın, Qarabağ Azərbaycandır” sözlərini pıçıldayır. Həmçinin rusiyalı başqa bir hərbçi isə ekofəal Günel Yaz şəkil çəkərkən boz qurd işarəsi tutur.
Vəziyyəti “Sherg.az”a dəyərləndirən "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev qeyd edib ki, sülhməramlılar artıq öz missiyalarında spesifik davranışlar tapmağa və haqlı olduğumuzu anlamağa başlayıblar:
"Ümumiyyətlə, burada insan faktorunu nəzərə almaq lazımdır. Onlar hərbçi və ya rus olsalar da, bu kimi məsələlərə münasibətləri yaranır.
Hərçənd ki, qaydalara görə onlara bu düşüncələri ifadə etmək olmaz. Amma müəyyən bir zamandan sonra, hətta əmr altında olsa belə, insanlar həqiqətləri dərk edə bilər.
Çünki o da insandır və millətin şaxtada, soyuqda mübarizəsini görüb, simpatiyasını ifadə edib".