Vardanyan-Volkov işbirliyində FİASKO: planları pozulur 

“Mənə elə gəlir ki bu aksiyalar bizim istədiyimiz effekti artıq verməyə başlayıb”.
Bunu “Sherg.az”a açıqlamasında “AzVision.az” ın baş redaktoru, tanınmış jurnalis Vüsal Məmmədov Şuşa-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları təmsilçiləri, ictimaiyyət nümayəndələri, ekofəallar və ekspertlərin iştirak etdikləri mülki aksiyadan danışarkən deyib. Həmkarımız qeyd edib ki, ortada son məqsədlər var və ona çatılacağına şübhə ola bilməz:

“Hətta bəzi nəticələr ortadadır. Artıq Ermənistan, Qarabağda yaşayan ermənilər və Rusiyanın sülhməramlı kontingenti də Azərbaycanın razılığı olmadan hansısa addımların atılmasının mümkünsüz olduğunu gördü. Yəni rəsmi Bakının əlində metodlar və prosesə təsir imkanı çoxdur. 

Dövlət kənarda dayansa belə, vətəndaş cəmiyyətinin meydana daxil olması ilə Azərbaycan hadisələrə çox güclü təsir göstərmək iqtidarında olduğunu sübut etdi. Digər tərəfdən Ermənistan 8 gündür özünə əl qatıb. Amma heç nəyə nail ola bilmir. 

 Yəni onlar aciz vəziyyətdədirlər və çırpınırlar. Kənardan buna baxdıqda isə gülünc bir mənzərə yaranır. Eynilə 44 günlük Vətən müharibəsindəki vəziyyətidir sanki. Mən buna zarafatla "dabanyalayan 2" deyirəm. Onlar bizimlə danışıb razılığa gəlməkdən isə gah rus sülhməramlılarına, gah Hollandiya parlamentinə, gah da Fransaya müraciət edirlər. Lakin bunların heç birinin xeyri yoxdur. Rəsmi İrəvan elə bir reallıqla üzbəüz qoyulub ki, burada hər şeyi həll edən güc Azərbaycandır. Yəni onlar həll yolu axtarırlarsa, bizimlə danışmalıdırlar". 

Baş yazar qeyd edib ki, artıq ermənilər reallıqla barışmaqdan başqa yollarının olmadığını görürlər:

"Bu isə indidən əldə edilən nəticədir. Qarabağda məskunlaşan erməni əhalisi də Azərbaycanın iradəsi olmadan torpaqlarımızda istədiyi kimi davrana bilməyəcəklərini yaxşı anlayır. 

Burada söhbət mülki insanlardan getmir. Söhbət onların adından danışan Vardanyan-Volkov işbirliyindən gedir. Bu xunta anlamalıdır ki, Azərbaycanı saymadan planlarını həyata keçirə bilməyəcəklər. Necə ki, artıq Qarabağın sərvətlərini kənarda sata bilmirlər. 

Məncə, bunlar artıq ciddi siyasi nəticədir. Ekoloji nəticə isə gec-tez olacaq. Aksiya iştirakçılarının da dediyi kimi nəticə əldə olmasa, heç kəs geri çəkilməyəcək".