Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Qeyd ed’k ki, Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş keçirilib.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması müzakirə olunur.
Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Z.Həsənov dekabrın 20-də Türkiyəyə səfər edib.
Nazirlərin görüşünün Cənubi Qafqazda sülhün bərqərar olunmasına xidmət edəcəyini deyən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a bildirib ki, keçirilən görüşlər, gələcəkdə hər üç ölkənin mümkün ola biləcək təhlükələrə qarşı birgə hərəkət edəcəyinin mesajıdır:
"Həm Türkiyə, həm Azərbaycan, həm də Gürcustan regionun təhlükəsiz bölgəyə çevrilməsində maraqlıdır. Xüsusən də tərəfdaşlarımızın karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Gürcüstana, oradan Türkiyəyə, Türkiyədən də Avropaya nəql edilməsi məsələsi var.
Bunun üçün isə kommunikasiyaların keçdiyi ərazilərin təhlükəsizliyinin təmin edilməsi üzərinə silahlı qüvvələrin koordinasiya edilməsi lazımdır.
Əslində orta yol dediyimiz bu xətlərin təhlükəsizliyi, yolun keçdiyi ölkənin silahlı qüvvələri tərəfindən təmin olunmalıdır. Digər tərəfdən Azərbaycanla Türkiyə arasında bağlanmış "Şuşa bəyannaməsi”ndən sonra ordumuzun, Türkiyə silahlı qüvvələrinin mini modelinə keçməsi yönündən addımlar atılır. Bütün bunlar isə gedəcəyimiz yol xəritəsinin üzərinə öz əksini tapıb".
Ekspert qeyd edib ki, Gürcüstan həm Türkiyənin, həm də Azərbaycanın strateji və hərbi-texniki əməkdaşlıq yönündə ciddi tərəfdaşıdır:
"İndiki mərhələdə əməkdaşlıq haqqında müzakirələr, qarşıdakı illərdə mövcud təhlükənin qarşısının alınması üçün vacibdir. Həmçinin bu görüşdə İran və Ermənistanın səsləndirdiyi bəyanatlar fonunda, gələcəkdə mövcud ola biləcək hərbi eskalasiyalar müzakirə olunur. Digər bir məsələ isə Türkiyənin dünyada yeni hərbi sənayeni yaradan ölkələrdən biri olmasıdır.
Ümumiyyətlə, qardaş ölkənin son zamanlarda istehsal etdiyi pilotsuz uçuş aparatlarının, raket sistemlərinin və döyüş təyyarələrinin Gürcüstanın və bizim silahlı qüvvələrin texniki bazasında komplektləşdirilməsi çox faydalıdır”.