“Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir”.
Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
“Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, indi dünya səviyyəsində gərgin anların yaşanacağı geosiyasi vəziyyət formalaşıb:
"Bu səbəblə də dünyanın ən böyük ölkələri belə ordu quruculuğunu daha da təkminləşdirirlər. Hətta İngiltərə, Amerika, Çin, Rusiya və Yaponiya kimi dövlətlər belə orduya ayırdığı vəsaiti artıraraq, texniki sahələri inkişaf etdirməyə çalışırlar. Bütün bunlar dövlətlərin təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Eləcə də Azərbaycan çalışır ki, öz suverenliyini məqsədyönlü şəkildə müdafiə edə bilsin. Bunun əsas şərti isə güclü orduya malik olmaqdır. Düzdür Vətən müharibəsindən sonra kifayət qədər güclü silahı qüvvələrimizin olduğunu gördük. Amma dünyanın əsas gücləri ilə müqayisədə, bəzi məsələlərdə geri qalırıq. İndiki addımlar da sırf bu geriliklərin aradan qaldırılması istiqamətindədir".
Ekspertin sözlərinə görə yerləşdiyimiz coğrafiyada da hərbi-siyasi vəziyyət ürəkaçan deyil:
"Biz istənilən halda müəyyən təhlükəli vəziyyətlə üzləşə bilərik. Burada tək xilas yolu isə güclü ordudur. Digər tərəfdən ölkə başçısının da vurğuladığı kimi Azərbaycan qarşısına müəyyən məqsədlər qoyub. Bu məqsədlərə doğru yolun yarısı qət edilsə də, tam çata bilməmişik.
Azərbaycanda xüsusi təyinatlı qüvvələrin və əlahiddə qoşunun sayının artırılması bizim hədəflərimizə tam şəkildə çatmağımıza hesablanıb. Bu hədəflərin başında ölkəmizin suverenliyinin tamamilə bərqərar edilməsi dayanır. Bildiyimiz kimi hələ də erməni silahlı dəstələri Qarabağdan çıxarılmayıb.
Həmçinin Zəngəzur dəhlizi və delimitasiya məsələsi tamamlanmayıb. Müqaviləyə görə isə bunlar həll edilməli idi. Lakin Ermənistan və onun arxasında dayanan qüvvələr, bunun siyasi yolla həllini uzadırlar. Belə olduğu halda güc istifadəsi ən effektiv vasitə kimi görünür.
Bu zaman da güclü ordu məsələsi ortaya çıxır. Digər tərəfdən biz bura prezidentin də dediyi kimi, etnik azərbaycanlıların ata-baba yurdlarına qaytarılması məsələsini misal göstərə bilərik. Çünki ölkə başçısı bildirir ki, "Biz tarixi həqiqətləri bərpa edəcəyik". Ancaq Ermənistan tərəfinin buna öz iradəsi ilə imkan verməyəcəyi bəlli məsələdir.
Bu təqdirdə isə, yenə də gücdən istifadə əsas rola çevrilir. Ümumiyyətlə, məsələlərin labüdlüyünü nəzərə alan rəsmi Bakı ordu quruculuğunu ön plana çıxarır və silahlı qüvvələrimizi dünyanın ən güclü orduları sırasına daxil etməyi hədəfləyir".