Avropanın göndərdiyi müşahidəçilər bizi narahat etməlidirmi? – AKTUAL

“Əgər onlar bizim torpaqlarımıza müşahidəçi göndərmək istəyirlərsə, Bakı üzərindən yollamalıdırlar”

“Mənə elə gəlir ki, bizim Xarici İşlər Nazirliyi və aidiyyəti qurumlar Avropaya mövqeyimizi çatdıracaqlar"


Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiyanın iki aylıq deyil, azı iki illik müddətə göndərilməsi nəzərdə tutulur.
Bu barədə Ermənistan KİV-ləri xəbər verir.
Bildirilir ki, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib.
Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrup kimi, budəfəki missiya da Ermənistan ərazisində yerləşəcək. 
Nə qədər müşahidəçinin gələcəyi hələ rəsmi olaraq açıqlanmasa da, missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı vurğulanır.
Avropa tərəfindən Ermənistana istənilən sayda əməkdaşın göndərilə biləcəyini deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a bildirib ki, Aİ-nin rəsmi İrəvanla özəl əlaqələri var:
"Paşinyanı iqtidara gətirən də Avropa və ABŞ sərmayəsi olub. Paşinyan müstəqil olduğunu bir daha vurğulamaq üçün missiya qrupunun sayını artırır. Bununla da Avropanın Ermənistandakı müşahidəçiliyini möhkəmləndirməyə çalışır. 

Onların Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi isə bizdə sual yarada bilər. Biz onsuz da Xankəndi-Laçın yolunu bağlamışıq və Azərbaycanın ekoloqlarının nəzarəti olmadan oradan heç bir missiya həyata keçirilə bilməz. 

Əgər  Avropanın göndərdiyi müşahidəçilərin başlıca gəliş səbəbi Azərbaycana təzyiq göstərmək, Xankəndi-Laçın yolunu açmaqdırsa, bu bizi narahat etməlidir. 

Azərbaycan müstəqil bir dövlət olaraq öz torpaqlarına düşmən mövqeyindən çıxış edən ölkənin müşahidəçilərinin gəlməsinə icazə verməməlidir. 

Əgər onlar bizim torpaqlarımıza müşahidəçi göndərmək istəyirlərsə, Bakı üzərindən yollamalıdırlar. Mənə elə gəlir ki, bizim Xarici İşlər Nazirliyi və aidiyyəti qurumlar Avropaya mövqeyimizi çatdıracaqlar".