Britaniyanın Cənubi Qafqaz siyasəti: London üçün dörd istiqamətdə qapılar açılır?

22 fevral 2023-cü il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Görüş zamanı neft, qaz, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, “yaşıl enerji”yə keçid istiqamətində əməkdaşlığın perspektivləri, təhsil və humanitar sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.

Böyük Britaniyanın dövlət naziri Leo Dokerti öz növbəsində ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu və Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi analitik Aqşin Kərimov Azərbaycan XİN başçısı C.Bayramovun Britaniyalı həmkarı ilə görüşünün pərdərarxası məqamlarını "Sherg.az"a şərh edib. A.Kərimov bildirib ki, səfərdəki pərdəarxası məqsədlərə dair fikir yürütmək üçün Böyük Britaniyanın Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibliyinin, Avropa üzrə Dövlət Nazirliyinin funksiyalarına diqqət etmək vacibdir:

"Bu təsisatın səlahiyyətləri Avropa, Mərkəzi Asiya üzrə əlaqələrin koordinasiyasına, müdafiə və beynəlxalq təhlükəsizlik məsələlərində sabitləşməyə töhfə vermək, vasitəçilik etmək məramlarına söykənir.  
Deməli, məntiqlə Britaniya Azərbaycan-Ermənistan münasibtələrinin yoluna qoyulmasında vasitəçilik missiyasını həyata keçirir. Hərçənd oyunda birbaşa iştirak etmir. 

O, regional güc mərkəzlərinə öz maraqlarını inteqrasiya etməyi bacarır. Nəticədə xeyli dərəcədə özü üçün strateji aktivlər qazanır. 

Britaniyanın Cənubi Qafqaz siyasətinin  akkordları London üçün dörd istiqamətdəki qapıları açmağa yönəlib;
Rusiyanı strateji məğlubiyyətə düçar etmək, İran faktorunun səsini kəsmək,  regionda güclənərək Mərkəzi Asiya regionuna Xəzər dənizi vasitəsilə əldə olunan çıxışları təhlükəsizlik zolağına çevirmək və Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunu, yaşıl enerjiyə keçidində oynadığı kartları BP şirkətinin nəhəng maraqları kontekstində inkişaf etdirmək. 

İstər işğaldan azad edilmiş ərazilər, istərsə də Xəzər dənizinin təhlükəsizliyi mövzuları Britaniyanın Cənubi Qafqaz siyasətinin mərkəzi xəttində dayanır".