“...Apararaq, sülhə qarşı gələn ünsürlərlə silah gücündə danışmalıdır”
“30 illik təcrübəyə əsasən, ermənilərin başa düşdüyü dil sadəcə silah gücüdür”
“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının onun iqtidarının “intihar müqaviləsi” olacağını yaxşı başa düşür. Heç bir ağlı başında olan baş nazir siyasi intihar etməz”.
Bunu “Sherg.az”a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib. O bildirib ki, Qarabağ problemi Ermənistan üçün iqtidara yüksələn pilləkan olub:
“Robert Köçəryan və Serj Sarkisyan bu pilləkanla Ermənistan iqtidarının ən yüksək səviyyəsinə gəliblər, tərəfdarlarını toplayıblar.
Ermənistan gah avropalı müşahidəçilər çağırır, gah Avropa İnsan Haqları Məhkəməsinə müraciət ünvanlayır, gah da ki, BMT-nin məhkəməsində havadarları vasitəsilə qərarlar qəbul etdirir. Bütün bunların hamısı Qarabağda status-kvonu bərpa etməyə hesablanıb. Azərbaycan tərəfi mövcud vəziyyəti heç bir şəkildə qəbul etməyəcək. Münhen Təhlükəsizlik Konfransındakı nitqində də Prezident İlham Əliyev Azərbaycanda bütün azlıqların eyni hüquq və üstünlüklərdən faydalandığını vurğuladı.
Azərbaycan tərəfi çox yaxın vaxt ərzində antiteror əməliyyatı apararaq, sülhə qarşı gələn ünsürlərlə silah gücündə danışmalıdır. 30 illik təcrübəyə əsasən, ermənilərin başa düşdüyü dil sadəcə silah gücüdür”.
Qeyd edək ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib.
Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən imtina edir:
"Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi.
Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Eyni zamanda dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi"