"Həm jurnalist, həm də icra başçısı yanlış hərəkət edib. İcra başçısı elə tərzdə danışmamalıdır. Jurnalist də sualı o cür verməməlidir.
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Şuşanın icra başçısı Bayram Səfərovla jurnalistin arzuolunmaz dialoquna münasibət bildirərkən deyib.
Baş yazar qeyd edib ki, B.Səfərovun Şuşaya səfər etməsinin ictimai əhəmiyyəti yoxdur:
“O Şuşaya gedə də bilər, getməyə də. Jurnalistin də, cavab verən adamın da səriştəsi və səviyyəsi çatmır".
Xatırladaq ki, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla ona sual ünvanlayan jurnalistin dialoqu müzakirələrə səbəb olub. Jurnalist Fərid İsmayılov B.Səfərova Şuşaya səfər edib-etməməsilə bağlı sual verib.
Sualdan yayınan icra başçısına jurnalist növbəti dəfə sual verdikdə, o əsəbiləşib. Media nümayəndəsinin “Jurnalist sizdən hesab sora bilməz?” replikası isə gərginliyi artırıb. Bəzi media nümayəndələri bu məsələdə jurnalistə dəstəyini bildirsə də, onu tənqid edənlər də olub.