8 Mart- Beynəlxalq Qadınlar Günü şübhəsiz ki, sivil cəmiyyətlərdə bayram edilir. Bəylər xanımlara 1 gül və əyarı elə də yüksək olmayan əşya hədiyyə etməklə onu sevindirir. Amma bu bayram Azərbaycanda fərqli anlaşılır, fərqli qeyd olunur. Bir sözlə, bayramı da bazara, alver predmetinə çevirirlər. Məhz bu münasibətlə şıdırğı “al-ver” başlayır.
Xüsusilə, pedaqoji heyətin əksər hissəsini təşkil edən xanım müəllimləri təbrik etmək üçün pul yığılması məsələsi gündəmə gəlir. Valideyn komitələri bu prosesdə fəal iştirak edirlər. İndidən votsap qruplarında “tası” da açıqlayıblar. Yığılan vəsaitin miqdarı isə məktəbə görə dəyişir. Qısası hər uşaq üçün 50-70 manat aralığında pul yığılır. Bir ailənin 3 övladı təhsil alırsa, bu ailə mart ayında hava və su ilə dolanmalı olacaq. Bununla bağlı müəyyən tədbirlər görülsə də, analoji vəziyyət illərdir, davam edir. 8 Mart sosial şəraiti zəif olan ailələr üçün “8 dərd”ə” çevrilir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil üzrə ekspert Elşən Ramizoğlu bildirib ki, şəraiti yaradan ya müəllimlər, ya da valideynlərdir:
" Problemin qarşısı alınmasından ötrü xüsusi mexanizm yoxdur. Valideynlərdən biri bu təşəbbüsü ortaya qoyur.
Bir qismi razılaşır, digər qismi isə məcburiyyətdən qoşulur. Bəzən direktor özü sərait yaradır. Prosesin tənzimlənməsi və belə halların yaşanmaması üçün direktorlar, müəllimlər aktiv şəkildə iştirak etməlidirlər.
Heç kim hədiyyə almaq, vermək məcburiyyətində olmamalıdır. Hər kəsin maddi durumu yaxşı deyil, imkan da nəzərə alınmalıdır".