“ Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlıq yüksək inkişaf mərhələsinə daxil olub. Ölkələrin arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək layihələrə imza atılıb".
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərini "Sherg.az"a şərh edərkən hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
Ekspert bildirib ki, Türk dünyasının birliyi baxımından Azərbaycan və Özbəkistan xüsusi rolları ilə seçilirlər:
"Çindən Avropayadək kəmər layihəsi də son dönəmin aktual məsələlərindəndir. Azərbaycan və Özbəkistanın layihə tərəfdaşları kimi maraqlarının üst-üstə düşdüyünü söyləyə bilərik.
Özbəkistan prezidentinin Azərbaycana işgüzar səfərə gəlməsi sözügedən mövzular ətrafında müzakirələrin aparılmasına hədəflənib. Azərbaycan Prezidenti özbəkistanlı həmkarı ilə görüş zamanı iqtisadi və dövlətlərarası əlaqələrin təkmilləşməsi baxımından bir sıra yeni qərarlar qəbul edə bilərlər.
Yaxud qəbul edilən qərarların əməli icrasını daha da artıracaqlar. Geosiyasi dəyişikliklər fonunda Azərbaycan və Özbəkistanın prosesə hansı baxış bucağından yanaşdığı barədə məsələlər də gündəmdə olacaq. Tərəflər birgə təhlükəsizlik mövzusuna da toxunacaq”.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 1 və 2 mart tarixində Azərbaycana işgüzar səfər edəcək. Mirziyoyevin Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclasında iştirakı nəzərdə tutulur. Özbəkistan Prezidentinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.