"Azərbaycanın Qarabağdakı ermənilərlə təmas üçün nümayəndə təyin etməsi müsbət haldır. Görüşdə iştirak edən şəxslər separatçılar deyil, məhz erməni icmasına mənsub insanlardır".
Bunu "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib.
Analitikin fikrincə, əgər erməni sakinləri Azərbaycan vətəndaşı hesab ediriksə, deməli, birbaşa təmas qurulmalıdır:
"Belə bir görüşün keçirilməsi gözlənilirdi. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Münhen Təhlükəsizlik konfransında Prezident İlham Əliyev qəti şəkildə bu fikrini diqqətə çatdırdı. Onların ən qısa zamanda Azərbaycan cəmiyyətinə inteqrasiyası və mübahisəli məsələlərin ən qısa zamanda həlli Bakının prioritetdir. Azərbaycan qanunları çərçivəsində yaşaya bilərlər.
Prosesi üçüncü, dördüncü dövlətlərin əli ilə etmək ayrıdır, birbaşa təmas isə fərqlidir. Bu, hesablanmış, məqsədyönlü, ağıllı siyasətdir. Bugünədək Fransanın, Rusiyanın, Avropa İttifaqının və s. vasitəçiliyi ilə görüş təklif edilirdisə, artıq özümüz gerçəkləşdiririk. Xocalıda görüşün reallaşması gələcəkdə onların bizə inamını artıracaq. Prosesin asan başa gələcəyini gözləmək olmaz, çünki separatçı qüvvələr gedişatı dəyişməyə çalışırlar. Azərbaycan nümayəndə heyəti erməni icmasının nümayəndələri ilə mütəmadi görüşüb inteqrasiya prosesini surətləndirməlidir".
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Toplantıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.