“Üzv dövlətlərin arasındakı təmasları stimullaşdırmağa çalışır”
"Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci nüfuzlu təşkilat sayılır. Təşkilatın sıralarında kifayət qədər işlək mövqedə olan dövlətlər var. Azərbaycan 26 may 2011-ci ildə hərəkata qoşularaq blok məfkurəsindən uzaq olduğunu, azad siyasət yürütdüyünü diqqətə çatdırdı".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Siyasi şərhçi bildirib ki, Azərbaycan təşkilat çərçivəsində özünəməxsus fəallığı ilə seçildi:
"Tərəfdaşlarımızın sayı durmadan artmağa başladı. 44 günlük müharibə ərəfəsində Azərbaycana düşmənlik edən qüvvələr BMT-də əleyhimizə qətnamələr qəbul etməyə çalışdılar. Qoşulmama Hərəkatına üzv ölkələr Azərbayacanın haqq işinə dəstək göstərdilər.
Təşkilatın heç bir fəallığı yox idi. Aktivlik Azərbaycanın sədrlik dövrünə təsadüf etdi. Ona görə də ölkəmizin sədrlik müddətini 1 il də artırdılar. İşləməyən mexanizmi hərəkətə gətirməkdən ötrü təşəbbüslər irəli sürmək, yeni ideyalar vermək lazımdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması ədalətli olacağını vurğuladı.
Prezidentin təkliflər verməsinə əsasən demək olar ki, Azərbaycan Qoşulmama Hərəkatında formal şəkildə iştirak etmir".
T.Abbasovun qənaətincə, dünya nizamını bilərəkdən pozanlar, xalqları əsarətdə saxlamaq istəyənlər var:
"Fransanın "fəaliyyəti" göz önündədir. Artıq müstəmləkəçilik ruhunu gündəmə gətirir. Əlcəzairdə, Komor adalarında, yeni Kaledoniyada inkişafa maneçilik törədərək xeyir götürmək istəyir.
Azərbaycan qlobal səviyyədə milli oyanışa töhfələr verir və üzv dövlətlərin arasındakı təmasları stimullaşdırmağa çalışır. Eləcə də, təşkilat vasitəsilə fövqəl qüvvələrin dağıdıcı mövqeyinə qarşı mütəşəkkil formada çıxış etmək mümkündür. Bu beynəlxalq münasibətlərin saflaşmasında mühüm rol oynayır. Azərbaycan Qoşulmama Hərəkatından udur, Qoşulmama Hərəkatı da Prezident İlham Əliyevin liderliyi ilə töhfə əldə edir".
Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edir.
Zirvə görüşündə Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadin, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqon, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesan, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimi, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Raponda, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də var.