"Media Araşdırmaları və Monitorinq Mərkəzi"nin nəzdində "Türküstan Araşdırmalar Departamenti" yaradılıb. Departmentin direktoru politoloq Rusif Məmmədsoy təyin edilib. Departmentin tərkibinin formalaşdırılması direktora tapşırılıb.
“Sherg.az” xəbər verir ki, bu barədə R.Məmmədsoy öz Feysbuk profilində paylaşım edib.
O qeyd edib:
"Departmentin əsas hədəfləri Orta Asiyanın öyrənilməsinə yönəlib. Nəzərə alsaq ki, son dövrlər Orta Asiya (Türküstan) ölkələri ilə əməkdaşlıq daha da dərinləşir, Türk Dövlətləri Birliyində təmsil olunuruq, bu mənada ictimaiyyətin də bu istiqamətdə məlumatlı olması lazımdır.
TAD-ın məqsədlərindən biri də ondan ibarətdir ki, ölkədə ixtisaslaşmaya öz töhfəsini versin. Türküstan Araşdırmalar Departamenti olaraq bu missiyanın öhdəsindən layiqincə gələcəyimizi düşünürük. Vətənə, millətə xeyirli, uğurlu olsun!”
Sonda R.Məmmədsoy bunları əlavə edib: “Bu xüsusda jurnalist dostlarımın da təqdimetmə zamanı bunu nəzərə almalarını rica edirəm”.