“Artıq insanlar, xüsusən işbazlar bunun fərqində olmalıdırlar. Qənaət rejiminə keçməyin tam zamanıdır”
“Avtoyuma məntəqələrinə nəzarət gücləndirilməlidir. Bu müəssisələr, yaşıllaşdırma idarələri texniki sudan istifadə etməlidir"
"Son zamanlar yaranan su qıtlığı ciddi tədbirlərin görülməsini zəruri edir. Bakı şəhərini qidalandıran əsas su qaynağı Taxtakörpü su anbarında və Samur çayında suyun həcmi xeyli azalıb. “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aparır. Qrafik adətən yay aylarında-iyun ayından başlayaraq həyata keçirilirdi. Vəziyyət o qədər kritikdir ki, həmin rejim bu ildən fevral ayından tətbiq olunur".
Bunu "Sherg.az"a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Birlik sədrinin qənaətincə, qlobal istiləşmə ilə əlaqədar dünyada içməli su böhranı yaranıb:
"Mütəxəssislərin fikrinə görə, 30 ildən sonra dünyada içməli su mənbələri uğrunda müharibələr başlanacaq.
Azərbaycan su ehtiyatları az olan ölkələrdəndir. Bizim içməli su mənbələrimizi formalaşdıran əsas çaylar mənbəyini başqa ölkələrdən götürür. Su böhranı qapıdadır. Artıq insanlar, xüsusən işbazlar bunun fərqində olmalıdırlar. Qənaət rejiminə keçməyin tam zamanıdır. Hətta gündəlik mətbəxdə, məişətdə istifadə etdiyimiz suya belə qənaət etməliyik. Bakıda, bütövlükdə Abşeron ərazisində fəaliyyət göstərən avtoyuma məntəqələrinə nəzarət gücləndirilməlidir. Müəssisələr, yaşıllaşdırma idarələri texniki sudan istifadə etməlidir".
E.Cəfərli söyləyib ki, əvvəllər Bakıda texniki su şəbəkəsi var idi:
" Məsələn, 1999-2004-cü illərdə yaşadığım Binə qəsəbəsində evlərə içməli su verilmirdi. İnsanlar çirkli qabları, paltarları texniki su ilə yuyurdular. İçməli suyu isə su maşınlarından alırdıq. Artıq Abşeron ərazisində texniki su şəbəkələri bərpa edilməli, istifadə olunan içməli suyun təkrar emalı həyata keçirilməli və avtoyumada bu cür sulardan istifadə olunmalıdır. Şəhərdə avtoyumada yağış suyundan da istifadə oluna bilər. Şəhərdə yağış suyunun toplanması daha asan başa gəlir və mümkündür. Yağış suyu kanalizasiya xəttindən toplanmalı, təkrar emaldan keçirilib avtoyumaya verilməlidir”.