Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.
Danışığın gizlinlərini "Sherg.az"a açan hərbi-siyasi ekspert Həşim Səhrablı deyib ki, prosesin ilk mərhələsindən Türkiyə Qarabağ məsələsində aktiv rol alıb:
"Yəni işğal müddətində qardaş ölkə hər zaman Azərbaycanın haqlı davasını dəstəkləyib və işğala son qoyulması nöqteyi-nəzərindən bəyanatlar səsləndirən az saylı ölkələrdən birincisi olub. Bu gün də rəsmi Ankaranın Qarabağ məsələsindəki siyasəti dəyişməyib və onun maraqları Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu çərçivədə Türkiyə tərəfi bölgədə baş verən hər xırda detala belə həssaslıq göstərir. Xankəndi-Xəlfəli-Turşsu yolunun nəzarətə götürülməsi də qardaş ölkə üçün həssas mövzudur. Çünki yolun nəzarətə götürülməsi qanunsuz erməni silahlı qüvvələrinin silah tədarükünün qarşısının alınması baxımından önəmli addımdır”.
Ekspert qeyd edib ki, Çavuşoğlu məhz hadisənin nəticələri və sonrakı riskləri dəyərləndirmək məqsədi ilə C.Bayramovla danışa bilər:
“Hazırda əsas ehtimallardan biri budur ki, bölgədə baş verən son təxribatlar hərarəti artırır. Bu isə özündə hərbi qarşıdurma riskini yaradır. Türkiyə tərəfi də bu riskləri dəyərləndirmək və Azərbaycan ilə gələcək fəaliyyətdə nəyi necə etmək olar sualı konteksində fikir mübadiləsi aparır. Digər tərəfdən Qarabağdakı yenidənqurma məsələsi də müzakirə edilə bilər. Ona görə ki, Azərbaycan tərəfi Qarabağın yenidən qurulmasına xüsusi diqqət yetirir. Türkiyə isə bu prosesə Azərbaycan qədər qayğı göstərməkdədir. Ümumiyyətlə, tərəflərin həm regionda baş verən hərəkətlilikdən doğan risklər, həm də bölgədəki yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparması ehtimalı böyükdür".