“Laçın yolunda Azərbaycanın nəzarət məntəqələri olmalıdır”

 “Yüklər bizim tərəfimizdən yoxlanmalıdır. Yalnız bu, bizim şübhələrimizə son qoya bilər”


Geridə qoyduğumuz Novruz bayramı günlərində də Qarabağ və ətrafında gərginlik davam edib. Yada salaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında da bu məsələlərdən danışıb. Lavrov deyib ki, Qarabağ ermənilərinin təhlükəsizlik təminatı məsələləri Xankəndi və Bakı nümayəndələri arasında həll edilməlidir. Lavrova görə, Moskva Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında əldə olunmuş bütün üçtərəfli razılaşmaları “ciddi şəkildə, heç bir improvizasiya olmadan həyata keçirməyin tərəfdarıdır. Laçın dəhlizi probleminə sırf bu kontekstdə baxılmalıdır”.

Lavrovun fikrincə, Qarabağ erməniləri üçün də Ermənistan və Azərbaycan liderlərinin 1991-ci il tarixli “Almatı” Bəyannaməsinin müddəalarına sadiqliyi kontekstində eyni hüquqlar toplusu zəruri ola bilər". Laçın yolundakı vəziyyətin təhlili- yeganə yol post qurulmasıdır. Rusiya sülhməramlıları da bunu anlamalıdır, dağa-daşa düşmək yox, erməniləri qanuni yolla aparıb-gətirməlidirlər.

Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Fazil Mustafanın fikrincə, Rusiya tərəfindən də etiraf olunur ki, hərbi məqsədli yüklərin daşınması ilə bağlı Azərbaycanın informasiyası əsaslıdır:

"Hətta Lavrovun özü də qeyd edib ki, bu yol vasitəsilə yalnız humanitar məqsədli yüklərin daşınması nəzərdə tutulub və hərbi yüklər daşına bilməz. Amma buna heç kəs zəmanət verə bilməz. 

Ona görə də yollarda Azərbaycanın nəzarət məntəqələri olmalı və yüklər bizim tərəfimizdən yoxlanmalıdır. Yalnız bu, bizim şübhələrimizə son qoya bilər. Digər tərəfdən Azərbaycan tərəfi heç vaxt əsassız iddialar irəli sürmür. Laçın yolundan hərbi yüklərin daşınması dəfələrlə video görüntülər vasitəsilə sübut edilib. 

Ona görə də Rusiya öz günahını gizlətmək üçün belə bir açıqlama verdiyi aşkar şəkildə görünür. Rəsmi Bakı isə məsələdə öz prinsipial mövqeyini davam etdirir və tələbləri qüvvədədir".