Rəşad Məcid:“Həmin adamlar tapılmalı və hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır"
Fərid Pərdəşünas:“Geniş tərkibli araşdırma aparılmalıdır”
Dünən millət vəkili Fazil Mustafa evinin önündə sui-qəsdə məruz qalıb. Parlamentarinin güllələnməsinin ardından isə bəzi təxribatçılar açıq şəkildə "yaxşı oldu", "ölməli idi" kimi statuslar paylaşıblar. Sual yaranır ki, paylaşım edənlər bizə terrorçularla bağlı ipucu vermirmi? Burdan yola çıxaraq terraktın arxasında dayanan şəbəkəni ifşa etmək olarmı? Umumiyyətlə, onlara qarşı hansı addımlar atılmalı və necə tapılmalıdırlar?
Məsələyə münasibət bildirən Mətbuat Şurasının sədri, "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid qeyd edib ki, bu tip status yazan insanlar hüquq- mühafizə orqanları tərəfindən tapılmalıdır:
"Bu şəxslərin əsas məqsədi cəmiyyət arasında çalxalanma yaratmaqdır. Onlar yalnız saxta profillərlə təxribat yaradırlar. Belə şəxsləri maarifləndirmək isə mümkün deyil. Ona görə də həmin adamlar tapılmalı və hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır".
Həmçinin Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas deyib ki, bu şəxslərin “Facebook” vasitəsilə tapılması mümkün deyil:
"Çünki Facebook istifadəçilərinin məlumatlarını və İP ünvalarını gizli saxlayır. Onları yalnız adları, soyadları və profil şəkilləri vasitəsilə tapmaq mümkündür. Yəni hüquq-mühafizə orqanları geniş tərkibli araşdırma aparmalıdır. Saxta profillərlə bu tip status yazan şəxslərə cəza verilməsi isə çətin məsələdir".