Laçın yolu niyə önəmlidir? – Strateji “pərdə çəkildi” – “Bütün nəzarət bizdədir”

"Azərbaycanın 1918-ci ildən sonra məruz qaldığı təcavüz, ermənilərin Laçın və digər strateji nöqtələrə hücumu ilə başladı".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbulu zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Laçın yolu və onun coğrafiyası Qarabağ üçün müstəsna əhəmiyyət daşıyır:
"Hətta biz onu Berlin boğazı ilə müqayisə edə bilərik. Laçın yolunun boğazla müqayisə etməyim, ermənilərin əleyhimizə apardıqları kampaniyada həmin yolun nəfəslik və dəhliz kimi təqdim etmələrinə cavab da sayıla bilər. Bilirik ki, ermənilər öz məskunlaşma siyasətini Zəngilan, Kəlbəcərdə istədikləri kimi apara bilməyib. Amma onlar Laçında bir qəsəbə yaradaraq oranın inzibati bölgüsünü dəyişməyə çalışırdı. Burada isə Laçının münbit torpaqları, zəngin otlaq sahələri, bol su ehtiyatları və.s nəzərə alınmışdı. 

Yəni Laçın ermənilər üçün həyati əhəmiyyət daşıyırdı. İndi isə bu nemətlər onların əllərindən çıxıb. Cənab prezident də həmin bölgə üzrə xüsusi nümayəndə təyin etdikdən sonra, həmin ərazilərin Azərbaycana qaytarılmasının ardından, həm 3 kilometrlik zolaq, həm də alternativ yeni yolun inşası, həm də onun strateji əhəmiyyətindən danışdı".

Parlamentari əlavə edib ki, torpaqlarımızın azad edilməsi uğrunda diplomatik meydanlardakı savaşı məhz cənab Ali Baş Komandan aparıb:

"Bir tərəfdə xalqımızın əzmi və ordumuzun gücü, digər tərəfdə isə ölkə başçısının siyasət meydanındakı savaşı, ermənilərin üzərinə müəyyən öhdəliklər götürməsinə imkan yaradıb. Hazırda Laçın yolundakı strateji nöqtələrin Azərbaycan ordusunun tabeliyinə keçməsi, Xankəndindəki proseslərə və orada yaşamaq istəyən ermənilərə nəzarəti təmin edir. Yəni biz artıq rahatlıqla deyə bilərik ki, Azərbaycan coğrafiyası üzrə bütün nəzarət bizim əlimizdədir. Bir neçə ay öncə “Hər şey nəzarətimiz altındadır” demək çətin olardı. Çünki onlar alternativ yollar yaradaraq, oradan silah-sursat daşıyırdılar. Bu isə ciddi təhlükəsizlik problem və konstitusiya əleyhinə bir vəziyyət deməkdir. Lakin son tədbirlər sübut etdi ki, Azərbaycanın bu məsələdə iradəsi qətidir. Ermənistan sülh müqaviləsini nə qədər gecikdirməyə çalışsa da, bu Vətən müharibəsinin nəticələrini dəyişdirə bilməz. Digər tərəfdən Cənab Prezidentin təyinat zamanı verdiyi mühüm açıqlamalarından biri də, "Biz Ermənistanın hərbi imkanlarına nəzarət edən mövqelərdə möhkəmlənməkdəyik" sözüdür. Bu isə özlüyündə böyük hərbi təhlükəsizlik mənası daşıyan bir bəyantdır və Ermənistan tərəfinə güclü təsir edir. Yəni söhbət Göyçə dağlarından və iki günlük sentyabr döyüşləri zamanı əldə edilən strateji mövqelərdə möhkəmlənməkdən gedir".
Z.Orucun sözlərinə görə Laçında bu ilin sonuna qədər 10 min azərbaycanlının məskunlaşması bizi daha da gücləndirəcək:
"Ümumiyyətlə ordu arxasında insan olduğunu hiss edəndə, anlayır ki, səhranı yox öz doğmalarını və millətini qoruyur. Bu isə onlara stimul verir. Həmçinin ermənilər anlamalıdır ki, kimlər bizimlə yaşamaq istəyir və konstitusiyanı tanıyaraq separatizmdən geri duracaqsa, onlar vətəndaşlıq qazanacaq. Əks halda Cənab Prezident onlara açıq yolu göstərib. Bu qətiyyən təhdid, ermənifobiya siyasəti yürütmək deyil".