Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi ilə bağlı altı nəfər saxlanılıb.
Cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
İranın bizə qarşı qərəzli mövqeyi ilə bağlı çox insanların çıxış etdiyini deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a vurğulayıb ki, Fazil Mustafa həqiqətləri dediyi üçün sui-qəsdə məruz qalıb:
"Bizlər heç kəsi təhqir etməmişik. Sadəcə müsəlman dövlətinin din düşməni olan ermənilərə dəstək verməsini və orada yaşayan azərbaycanlılara qarşı pis davranmasını tənqid etmişik. Fazil Mustafa da bu tipli tənqidlər səsləndirib. Ümumiyyətlə bütün dünya İranla bağlı tənqidi fikirlər səsləndirir və hətta oradakı hakimiyyətə qəzəb üfürür. İrana dəstək olan isə Ermənistandır".
N.Cəvəroğlu söyləyib ki, İran islam dinini və onun mədəniyyətini gözdən salan bir dövlətdir:
"Biz sadəcə islami dəyərlərin gözdən salınmasına qarşı tənqidi fikirlər səsləndiririk. Ümumiyyətlə, biz öz xalqımızın gözünü açmalıyıq. İranla əlbir olan, ona itaət edən və ondan pul alan insanlar başa düşməlidir ki,bunun axırı yoxdur. Çünki İran tərəfi Qurani-Kərimdə yazılan heç bir ayəyə əməl etmir. Buna görə də mən İranı islam dövləti hesab etmirəm. Fazil Mustafa da islamın gözdən salınmasına qarşı çıxışlar etdiyinə görə də sui-qəsdə məruz qalıb".