Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
Görüşdə çıxış edən Prezident Emoməli Rəhmon deyib:
“Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram.
Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm”.
Prezident İlham Əliyev diqqətə çatdırıb: “Sağ olun, Emoməli Şərifoviç. Əvvələn, dəvətə görə təşəkkür edirəm. Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam.
Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm”.
Qarabağ müharibəsindən sonra bölgədə yeni bir geosiyasi reallığın yarandığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, Azərbaycan və onun əsas müttəfiqi Türkiyənin Qafqazda və Mərkəzi Asiyada strateji əhəmiyyəti artdı:
"Artıq bir çox Mərkəzi Asiya dövlətləri açıq şəkildə gördülər ki, onlar resurslarını səfərbər edib, öz müttəfiqlərinə arxalanaraq daha böyük siyasi dvident əldə edə bilərlər. Bu yeni dalğa hazırkı geopolitik proseslər fonunda bütünlüşməyə doğru gedir. Artıq bir tərəfdə Qərb bloku(Böyük Britaniya, ABŞ, İsrail və başqa müttəfiqləri), digər tərəfdə isə Şərq bloku (Rusiya, Çin, İran və.s ölkələr) formalaşır. Bunun ortasında yer alan Mərkəzi Asiya ölkələri isə sanki bu geopolitik qarşıdurmada sahibsiz və zəif vəziyyətdə qalır. Ona görə də tarixi Turan coğrafiyasının biri-birinə inteqrasiya etməsi və əlaqələrinin möhkəmlənməsi çox vacibdir".
Analitik qeyd edib ki, Prezident İlham Əliyevin Tacikistan səfəri digər türk ölkələrinə olan səfərin davamı kimi dəyərləndirilməlidir:
"Məhz bu səfərlərlə Turan coğrafiyasında birliyin təməlləri atılıb. Xatırlayırsızsa, Azərbaycan Türkmənistanla bütün mübahisəli məsələləri həll etdi. Artıq biz Türkmənistandan dəniz altı qaz və neft kəmərinin çəkilməsini müzakirə edirik. Qazaxıstan ilə münasibətlərimiz inkişaf etdi. Onlar artıq öz neftlərini Rusiya yox, Azərbaycan üzərindən satmaq istəyir.
Tacikistan isə Mərkəzi Asiyanın böyük ölkələrindən biridir. Bu coğrafiya gələcəkdə biri-birinə inteqrasiya edib, daxilinə Əfqanıstan və Pakistanı da qataraq öz daxilində yeni bir struktur formalaşdıracaq. Yəni gələcəkdə Aİ kimi bir modelə formalaşdıracaq. Bu model isə ən əhəmiyyətli rollardan biri Azərbaycana məxsusdur. Mən düşünürəm ki, Azərbaycan Prezidentinin Tacikistan səfəri böyük bir geosiyasi xəritənin formalaşdırılması ilə bağlıdır. Əlbəttə, bizim Tacikistanla Sovet dövründən əlaqələrimiz var və bu əlaqələr mədəni, siyasi, iqtisadi cəhətdən inkişaf etdiriləcək.
Ümumiyyətlə böyük portretə baxaraq, gələcəkdə Qafqaz və Mərkəzi Asiya birliyində Azərbaycanın Türkiyə ilə birlikdə aparıcı rol oynayacağını söyləmək olar".