“Şiəliyə və islama qarşı antitəbliğatı İran özü aparır”


"Xarici maraqlı qüvvələrin ölkəyə gələrək insanları öz agentura şəbəkələrinə cəlb etmələri buraxılmış bəzi boşluqların nəticəsidir. Bunun qarşısını almaq üçün isə maarifləndirmə prosesi düzgün aparılmalıdır".

Bunu "Sherg.az"a açıqlamasında İlahiyyatçı Tural İrfan İran cəsuslarının həbs edilməsinin "dindarlar" və "Şiə" məzhəbinə qarşı kampaniya kimi qələmə verilməsindən danışarkən deyib.

O qeyd edib ki, məzhəb ayrıseçkiliyi ilə bağlı yalanlar həmin xarici qüvvələrin ortaya atdığı  provokasiyadır:

"Cinayətkarın və terrorçunun məzhəbi olmur. Hər bir cinayətkar məzhəbindən və dinindən asılı olmayaraq cəzalandırılmalıdır. Sadəcə ola bilər ki, həmin şəxslər şiə məzhəbindəndirlər. Həmin şəxslər İran tərəfindən ələ alınmış qüvvələrdir və terrora cəhd ediblər. Ümumiyyətlə Azərbaycan xalqının yarıdan çoxu şiə əqidəlidir və bu məzhəbə qarşı heç bir basqı olunmur.  Həbs edilənlər isə şiə əqidəsi adı altında xarici qüvvələrə alət olan insanlardır. Şiəliyə qarşı basqı olması iddiası İranın provokasiyasıdır. Əslində şiəliyə və islama qarşı anti-təbliğatı həmin terrorçuları göndərməklə İran özü aparır. Onlar Hüseyn adını terrora qoşaraq Hüseynin bayrağını murdarlayırlar".
 
Bundan başqa, məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov söyləyib ki, İran dövlətinə çalışan şəxslər boşluqlardan istifadə edərək, anti-müsəlman, anti-şiə kampaniyası kimi qələmə verməyə çalışırlar:

"Bu provokasiyalara qarşı hüquq-mühafizə orqanları və media mənsubları ciddi mübarizə aparmalıdır".