Bakıda inşa edilən yeni yaşayış binasında liftin şaxtası çöküb.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. İddia edilir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində inşa edilən yaşayış binalarından birində baş verib. Sakinlər iddia edirlər ki, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yeni inşa edilmiş yaşayış binasından mənzil alan sakinlər evlərinə köçməyə qorxurlar. Binanın lift üçün nəzərdə tutulmuş qovşağı çöküb və yarasız hala düşüb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qeyd olunan binada tikinti işlərinə icazə sənədi olmadan başlanıldığı müəyyən edilib:
“Qurum tikinti işlərinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə aidiyyəti dövlət qurumlarına mütəmadi olaraq məktublar ünvanlanıb. Eyni zamanda tikintini aparan subyekt barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib edilib”.
Məsələyə münasibət bildirən tikinti Eksperti Vüqar Oruc "Sherg.az"a söyləyib ki, tikintiyə başlamazdan öncə planlama, proyektin hazırlanması və tikintinin aparılacağı ərazinin geoloji araşdırılması aparılır:
"Əgər hansısa problem yoxdursa, tikintiyə icazə verilir. Ümumiyyətlə bu prosesin əvvəlindən sonuna qədər FHN yanında Tikinti Təhlükəsizliyinə Nəzarət Dövlət Agentliyinin nəzarəti olmalıdır. Bir binanın istismara qəbulu üçün təqribən 26 distansiya razılıq verməlidir. Təəssüf ki, bir çox hallarda Bakı şəhərində sözügedən ardıcıllıq gözlənilmir və müxtəlif vasitələrlə tikintiyə razılıq əldə edilir.
Hətta bu gün yenidən yoxlamalara başlansa, binaların təbii fəlakətə davamlı olub-olmamasında neqativ nəticələrlə qarşılaşacağıq. Ona görə də müvafiq strukturlar məsələni yenidən nəzarətə götürməlidir. Düzdür, Türkiyədə baş verən zəlzələdən sonra bəzi qurumlar eyni hadisənin Azərbaycanda yaşanmaması üçün tikintilərin keyfiyyətini araşdırmaq məqsədi ilə komissiya yaradıb. Lakin bu komissiyanın işi şəffaf olmalıdır.
Bunun üçün isə həm dövlət qurumlarından, həm inzibati qurumlardan, həm də ictimaiyyətdən prosesin şəffaflığını izləmək üçün qruplar yaradılmalıdır. Çünki bu ciddi məsələdir və hansısa təbii fəlakət nəticəsində ölkəmiz böyük problemlərlə qarşılaşa bilər".
Ekspertin sözlərinə görə, tikintinin istismara qədər dövrü üçün ən azı 3 dəfə yoxlama aparılmalıdır:
"İlk növbədə Tikintinin aparılacağı yerin uyğun olub-olmadığı müəyyən edilməlidir. İkincisi tikinti prosesində istifadə edilən materialların müvafiq keyfiyyət kateqoriyasına uyğunluğu müəyyənləşdirilməlidir. Üçüncüsü tikintidə Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydalara riayət edilib-edilməməsi yoxlanmalıdır.
Son olaraq binana istismara hazır vəziyyətə gətirildikdən sonra, onun müvafiq qurğuları, planlama işləri, təhlükəsizlik məsələləri, yanğından mühafizə və binanın həyətinin fövqəladə hadisələr zamanı yardıma uyğunluğu dəqiqləşdirməlidir. Yalnız bunlardan sonra sakinlərin həmin binada yaşaması təmi edilə bilər.
Qardaş Türkiyədə bunlara göz yumulduğu üçün fəlakət bir neçə dəfə artıq baş verdi. Bizim ölkəmizdə təbii fəlakətlər üçün təhlükəli sayılan bir regionda yerləşir. Hətta belə hadisələrin bizdə də olması proqnozlaşdırılır. Ona görə də real problemlə qarşı-qarşıya qalmadan öncə müvafiq dövlət qurumları təcili tədbirlər görməlidir".