“Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib.
O söyləyib ki, şəhərdə vəziyyət çətin, lakin idarə olunandır: “Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”.
Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilər artıq taqətdən düşüblər.
Qeyd edək ki, altı aydan çoxdur, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə aldıqlarını deyirlər. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə Baxmutda vəziyyət Ukrayna qoşunlarının nəzarəti altındadır.
Baxmutun hər iki tərəf üçün həm strateji, həm də psixoloji önəm daşıdığını deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, hansı tərəf Baxmutda nəzarəti təmin edərsə, o digərinə psixoloji zərbə vurmuş olacaq:
"Bu zərbə nəinki qarşı tərəfin silahlı qüvvələrinin həmçinin onun xalqının da ruh düşgünlüyünə səbəb olacaq. Hətta yaxın zamanlarda Zelenski açıqlama vermişdi ki, Baxmut barəsində müvafiq qərar qəbul edəcəklər və onlar üçün əsas prioritet canlı qüvvə itkisinin az olmasıdır. Bəzi ekspertlərin fikrincə, Ukrayna ordusu Baxmutdan çıxa bilər. Zelenski məhz buna işarə etmişdi. Lakin bunu düşünmürəm.
Həmçinin yaxın həftələrdə Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatlarına başlayacağı deyilir. Əsas məsələ isə bu əməliyyatlara qədər müqavimət göstərməkdir. Əgər əməliyyatlar başlasa, bu, Ukraynanın bir çox şəhərlərində özünü göstərəcək. Ola bilsin ki, Rusiya qoşunlarının Baxmutdan sıxışdırılıb çıxarılması məhz əks-hücum əməliyyatlarından sonra baş versin".
Analitik qeyd edib ki, indi Ukrayna üçün digər bir vacib məsələ Krım yarmadasıdır:
"Son zamanlar bu məsələ də gündəmdədir. Krım yarımadasında hərəkətlənmə Ukrayna ordusunun prioritetindədir. Düzdür, bu dəqiqə ora müdaxilə çətindir. Amma Rusiyanın Krımdakı bazalarına aviazərbələr endirilə bilər. Ümumiyyətlə, əgər Ukrayna tərəfi Krımda üstünlüyü ələ ala bilsə, Rusiyanın “beli qırılacaq”. Yəni müharibənin əsas açarı Krımdır. Düşünürəm ki, Ukrayna ordusunun Baxmutda tam müdafiə olunmamasının səbəbi, onların diqqətini Krıma yönəltməsidir".