“Xüsusən də İranın Ermənistanın üzərindən Azərbaycana təhlükə yarada biləcək bəyanatlar verməsi və təlimlər keçirməsi ABŞ da narahat edir”
“Çünki Azərbaycanın Amerika ilə təkcə hərbi sahədə yox, həm də karbohidrogen ehtiyatlarının Avropaya çıxarılması və iqtisadi baxımdan ciddi əlaqələri var”
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.
Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.
Səfəri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, Azərbaycan silahlı qüvvələri NATO ilə sülhməramlı tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir:
"ABŞ da NATO-nun aparıcı ölkəsidir və onun rəhbərliyi ilə regional problemlərin mövcud konfliktləri üzərindən məsləhətləşmələrin aparılması normaldır. Ümumiyyətlə, indiki konfliktlərdə hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləri vacib məsələdir. Bundan əlavə sülhməramlı tərəfdaşlıq proqramında Azərbaycan silahlı qüvvələrinin mütəxəssisləri, NATO-nun hərbi hava qüvvələrinin mərkəzlərində təlimlərdə iştirak edir. Ümumiyyətlə proqramın həyata keçirilməsi üçün planlı görüşlər var. Biz hər zaman qeyd etmişik ki, hərbi əməkdaşlıqlarımız, müdafiə qabiliyyətimizi artırmağa yönəlib".
Ekspertin sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin rəhbərliyi digər ölkələrlə ölkənin təhlükəsizliyini təmin etmək üçün, məsləhətləşmələr aparır:
"Digər tərəfdən biz regionda həssas məqamdan keçirik. Xüsusən də İranın Ermənistanın üzərindən Azərbaycana təhlükə yarada biləcək bəyanatlar verməsi və təlimlər keçirməsi ABŞ da narahat edir. Çünki Azərbaycanın Amerika ilə təkcə hərbi sahədə yox, həm də karbohidrogen ehtiyatlarının Avropaya çıxarılması və iqtisadi baxımdan ciddi əlaqələri var. Ona görə də Avropaya gedən infrastrukturların, xüsusilə İran tərəfindən gələ biləcək təhlükələrdən qorunması üçün məsləhətləşmələr çox vacibdir. Düşünürəm ki, görüşdə bütün bu məsələlər masaya yatrılıb".