Pakistanla hərbi  əməkdaşlıq Azərbaycan müdafiə sənayesini gücləndirəcək

Mayın 23-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Pakistan Quru Qoşunlarının komandanı Asim Munir hərbi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
Görüş İslamabadda, Vəliyevin Pakistana rəsmi səfəri çərçivəsində baş tutub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi,terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə edib.
Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olduğu bildirilir. İki ölkənin yüksək siyasi və hərbi rəhbərləri tez-tez qarşılıqlı səfərlər edir. Pakistan daim birmənalı olaraq Azərbaycanın ərazi büttövlüyünü dəstəkləyib
Pakistanla  əvvəllər də sıx əməkdaşlığımızın olduğunu deyən hərbi ekspert Alparslan İmamqulu "Sherg.az"a bildirib ki, Pakistanla bu günə qədər birlikdə xeyli hərbi təlimlər keçirilib:
"Həmçinin kurslar təşkil olunub. Yəni mütəmadi olaraq qarşılıqlı tədbirlər keçirilir. Düşünürəm ki, silsilə tədbirlərin davamı,  münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmlidir. Çünki regionda gedən siyasi-strateji proseslərə nəzər saldıqda müttəfiqlərin əhəmiyyətli olduğunu görərik. Bu baxımdan Pakistan və Türkiyə ilə olan əlaqələr çox vacibdir. Həmçinin Azərbaycan bu gün Pakistanla Türk dövlətləri arasında körpü rolunu oynayır. Bu hadisə isə çox sevindirici haldır. Digər tərəfdən Pakistanın müdafiə sənayesi də xeyli inkişaf edib. Ona görə də düşünürəm ki, bu əməkdaşlıq Azərbaycan müdafiə sənayesinin inkişafına da böyük töhvə verəcək".