Türkiyə nə NATO-nu, nə də Kremli razı sala bildi  -  Hasan Oktay

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İsveçin xarici siyasət idarəsinin rəhbəri Tobias Billström arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Türkiyəli nazir bildirib ki, ifadə azadlığı adı altında müsəlmanlar üçün müqəddəs kitab olan Qurani-Kərimi təhqir etməyə yönəlmiş hərəkətlərin davam etdirilməsi yolverilməzdir və rəsmi Ankara gələcəkdə bu cür hərəkətlərin qarşısının alınması üçün İsveç hökuməti tərəfindən konkret addımlar atmasını gözləyir.

Həmçinin nazirlər İsveçin NATO-ya üzvlük məsələsini də müzakirə ediblər.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə parlamenti İsveçin NATO-ya üzvlük müraciətinə oktyabrda baxacaq.
 
İyulun 12-də baş tutan NATO sammitində Türkiyənin İsveçin alyansa üzv olmasına dair razılığa gəlindiyini deyən  Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay “Sherg.az”a vurğulayıb  ki, bir ildir Türkiyənin İsveç və Finlandiya-ın NATO-ya üzv olması üçün irəli sürdüyü şərtlərdə ciddi irəliləyiş yoxdur:

“Ona görə də Ankaranın bu qərarı müzakirə predmentinə çevrilib. Hələ Türkiyədə keçirilən seçkilərdən əvvəl Finlandiyaya NATO-ya üzv olacağı vəd edilmiş və seçkilərdən sonra İsveçin alyansa üzvlüyü müzakirə olunmuşdu. Rəsmi Ankaranın faktiki olaraq bu iki ölkənin NATO-ya daxil olmasına qarşı çıxmasının əsas səbəbi isə Türkiyə-Rusiya münasibətləri baxımından diqqətçəkəndir. Çünki NATO-nun Baltik dənizinə tamamilə hakim olması və növbəti mübarizənin Qara dənizə keçməsi Türkiyə üçün çox məqbul bir vəziyyət deyildi. Ancaq rəsmi Ankaranın  bu həssaslıqlarına baxmayaraq, Rusiya Türkiyəni NATO ölkəsi kimi qəbul edib, küsmə siyasəti yeritdiyi zaman Türkiyə nə Alyansı, nə də Kremli razı sala bildi. Ümumiyyətlə Danimarka və İsveç başda olmaqla digər Avropa ölkələrində Türkiyənin həssas olduğu Quran əsasında təxribatlar törətməsi qəbuledilməzdir. Digər tərəfdən Türkiyə xarici işlər naziri ilə isveçli həmkarı arasında baş tutan görüş çox önəmlidir. Çünki əlaqələri soyuqqanlı şəkildə qiymətləndirmək və münasibətləri korlamaq istəyənlərin təxribatlarına qapılmamaq lazımdır”.