Fransada məhbusların sayı tarixi rekordu yeniləyib və 74,5 min nəfərə çatıb.
Bu barədə “Agence France-Presse” Fransa Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, əvvəlki rekord 73 700 nəfər idi. Bildirilib ki, 1 il ərzində məbusların sayı 2,5 min nəfər artıb.
Qeyd edilib ki, ölkənin penitensiar müəssisələrinin doluluq səviyyəsi 122 faizi ötüb və bu da Avropada ən yüksək göstəricilərdən biridir.
Fransanın qloballaşmış dövlət olduğunu söyləyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a vurğulayıb ki, Avropa İttifaqına daxil olan ölkələr arasında sərhəd anlayışı yoxdur:
"Son zamanlarda Avropanın digər ölkələrindən Fransaya köç artıb. Bu isə əhalinin say dinamikasında disbalans yaradır. İkinci tərəfindən dünyadakı 20-yə yaxın ölkə qeyri-rəsmi şəkildə hələ də Fransanın müstəmləkəsi kimi qalmaqdadır. Oradan gələn qaçqınlar da ölkə boyu səpələniblər. Hətta adi müşahidə zamanı da görürük ki, Fransadakı hər beş adamdan minimum ikisi qaradərili və ya ərəbdir. Bu da milli tərkibin dəyişdiyinin göstəricisidir və müəyyən qayğılar yaradır. Ümumiyyətlə son Fransa mitinqlərinin aparıcı qüvvəsi də Afrika ölkələrindən gələnlər olub. Xatırlayırsınızsa, qaradərili gəncin polis tərəfindən güllələnməsindən sonra Fransa daxilində ciddi qarşıdurmalar yarandı. Yəni maşınlar yandırıldı, böyük marketlər dağıdıldı və.s Nəticədə isə polis, hökumət və beyin mərkəzlərinin araşdırmasından sonra məlum oldu ki, etirazçılar 70 milyonluq əhalinin təxminən 5 milyonunun iradəsini əks etdirir. Bundan sonra isə polisin güc tətbiq etməsinə qərar verildi. Təxminən 6 min nəfər həbs edildi və üç min nəfər təzyiqə məruz qaldı. Hətta yaralananlar və ölənlər də oldu. Həbs prosesləri indi də davam edir. Bu səbəblə də təcridxanalardakı insan sayı artmaqdadır".