Analitiklər gələcəkdə Rusiyanın sanksiyalara necə tab gətirdiyini öyrənəcək.
Bu barədə “Voll Strit Jurnal” nəşri yazır.
Nəşr qeyd edir ki, Kornell Universitetinin tarix professoru, sanksiyalar üzrə ixtisaslaşan Nikolas Malderin fikrincə, Qərbin Rusiya kimi böyük ölkəyə qarşı sanksiyalar tətbiq etməsi uzunmüddətli perspektivdə ibrətamiz nümunə ola bilər:
“Böyük ərazisinin olması Rusiyanın dünya iqtisadiyyatından uzaqlaşdırılmasına imkan vermir. O, qabaqcıl iqtisadiyyatlar üçün əsas xammal mənbəyi, inkişaf etməkdə olan ölkələr üçün isə ən mühüm ərzaq və gübrə tədarükçüsü olaraq qalır”.
Qərbin Rusiyanı Ukraynadakı müharibədən əl çəkməyə məcbur etmək məqsədilə görünməmiş iqtisadi sanksiyalar arsenalını genişləndirməsinin effektiv olmadığını vurğulayan siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a söyləyib ki, bunun səbəbi sanksiyaların tətbiqinə riayət olunması üçün potensial zəif nöqtələrin varlığıdır:
“Birincisi, Rusiya qlobal iqtisadiyyatda böyük bazardır və onun enerji ixracından asılılıqda qalan ölkələr var ki, sanksiyalar onlara da sərf etmir. İkincisi, qlobal bazarlar hesabına varidatını “topdağıtmaz” edən şirkətlər üçün Rusiyanın Ukraynaya qarşı müharibəsinin səbəbləri o qədər də maraqlı deyil. Onlar Rusiyanı böyük gəlir gətirən bazar kimi nəzərdən keçirdiyindən Moskvaya qarşı çağırışlara və tələblərə qoşulmaqda həvəssizdirlər. Üçüncüsü, Rusiya zəngin təbii sərvətlərə malikdir, o, sanksiyalar səbəbilə müəyyən girdaba düşsə də, bundan çıxış yollarını daxili imkanlar hesabına reallaşdırır. Dördüncüsü, Rusiya Qərbin sanksiya nəzarətindən yayınmaq üçün yeni ticarət yolları axtararaq onlar vasitəsilə imtiyazlı idxal-ixrac əməliyyatları keçirməyə can atır. Beşincisi, sanksiyalardan yayınmağın ən effektiv üsullarından biri də qara bazarlar, qaçaqmalçılıq, iş adamlarının, biznesmenlərin bu işə cəlb olunaraq onların potensialından istifadə edilməsidir. Yəni Rusiyanın qeyri-dövlət aktorlarından istifadə etməsi mümkündür, onlar bütün qara əməliyyatların icraçısı qismində Kremlə lazımdır. Altıncısı, Rusiyanın Çin və Hindistan kimi bazarlara daha çox satış həyata keçirməsidir, çünki həmin ölkələr Moskvaya qarşı sanksiyalar kampaniyasının tərəfi deyillər. Sonda qeyd edə bilərəm ki, Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün səylərə baxmayaraq bu, qlobal bazarlarda Moskvanın istədikləri şeyləri satmaq həvəslərini söndürməyəcək”.