Son aylarda Azərbaycanda bir çox partiya fəaliyyətini dayandırıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Sual yaranır ki, bu partiyalar arasında idealoji yaxınlığı olanlar niyə birləşmir?
Azərbaycanda çoxpartiyalı sistem yanaşmasının otura bilmədiyini söyləyən AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a vurğulayıb ki, 1990-cı illərdən partiyalar formalaşıb və siyasi həyatda rol oynayıb:
"Ancaq 1990-cı ildən sonra çoxpartiyalı sistem düşünülmüş şəkildə zəiflədilməyə başlanıldı. Yəni partiyalar həm siyasi səhnədə, həm də cəmiyyətdə təsir imkanlarını itirdilər. Bu rıçaklar itirildikdən sonra onlara qarşı olan inam azaldı. Dolayısıyla da partiyalar marjinallaşdılar. Yəni hansısa siyasi hədəfə yox, rəhbərlərə və təsisçilərə xidmət etməyə başladılar".
T.Abbaslının sözlərinə görə, partiyalardan gəlir qazanan heç kim öz "obyekt"ini başqası ilə birləşdirmək istəmir:
"Yəni partiyalara siyasi və ideoloji qurumlar kimi yox, obyekt kimi yanaşılır. Digər tərəfdən isə rəqabət yoxdur və gənc insanlar gəlmir. Ona görə də, vəziyyət bu yerdədir. Düzdür, son iki ildə olan siyasi islahatlar nisbətən partiyaları dirçəltdi. Ancaq çoxpartiyalı sistemin oturuşduğunu demək hələlik tezdir. Ümid edirəm ki, gələcəkdə islahatlar davam edəcək və çoxpartiyalı sistemin inkişafı üçün addımlar atılacaq. Yalnız o zaman Azərbaycanda partiyaların birləşməsi, idealoji birliklər kimi anlayışlar real olacaq".