Avqustun 8-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər.
Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a bildirib ki, iki ölkənin səfərdə olan nümayəndə heyətinin rəhbər şəxslərlə görüşü ənənəyə çevrilib:
"İndi qardaş Türkiyədən gələn heyətin baş qərargah rəisi ilə görüşü, onu deməyə əsas verir ki, müəyyən məsələlərin müzakirəsinə və kordinasiyasına ehtiyac yaranıb. Həmçinin biz gələcəkdə də, bu cür kontaktları çox görəcəyik. Digər tərəfdən Türkiyə kəşfiyyatı NATO-nun ən aparıcı güc strukturlarından biridir. Yəni bu sahədə kifayət qədər imkanları və təcrübəsi var. Ona görə də, Kərim Vəliyevin Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə müzakirələr aparması, Azərbaycan ordusu ilə müəyyən məsələlərin kordinasıya edilməsi və birgə təlimlərdə tətbiqi nöqteyi nəzərindən vacibdir".
Ekspertin sözlərinə görə, son zamanlarda Azərbaycan və Türkiyə ordusunun inteqrasiyası sürətlənib:
"Ümumiyyətlə 2025-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusu modelinə keçməlidir. Bu səbəblə də, görüşdə bizim kəşfiyyat subyekti olan hərbi hissələrimizin Türkiyə modelinə uyğunlaşdırılmasının müzakirə olunduğunu düşünürəm".