Rusiyanın ölkəmizə yeni səfir təyin etməsi nədən xəbər verir?  - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Həmçinin görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırki vəziyyəti barədə danışılıb.

Burada sadə bir məntiqin olduğunu deyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a vurğulayıb ki, təəcüblü heç nə yoxdur sadəcə ratasiya əsasında səfirlər dəyişir:

"Ümumiyyətlə onlarda üç və ya istisna hallarda 4 ildən bir səfir dəyişikliyi olur. Yəni mən burada hansısa bir siyasi məna görmürəm. Ümumiyyətlə səfirlər ölkənin siyasətini müəyyən etmir, sadəcə həyata keçirdir. Yalnız icraçıdır. Təbii onların da müəyyən rolu var, ancaq əsas deyil. Ona görə də səfirin dəyişməsi iki ölkə arasındakı münasibətlərə heç bir təsir etməyəcək".