“Rusiyada partlayışlar daha tez-tez baş verəcək və belə hadisələrin nəticəsi də olacaq”.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak xarici KİV-ə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyada kifayət qədər effektiv şəbəkəsi mövcuddur.
Ukraynanın baş ölkənin ərazisində döyüşmədiyini vurğulayan M.Podolyakın sözlərinə görə, Rusiya özü-özünü məhv edəcək.
Podolyakın açıqlamasının Ukraynanın Rusiya ilə bağlı fikirlərini dəyişməyə hesablandığını vurğulayan hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a şərh edib ki, Kremldə qəbul olunan dırnaqarası reallığa görə, Rusiya özündən zəif bildiyi ölkələri "parçala və hökmranlıq et" siyasəti ilə özünə tabe etmək əzmində olan bir dövlətdir:
"Rusiya imperiyasının yüksəlişi də bu şəkildə olub. İndi isə Ukrayna bütün sahələrdə Rusiya ilə müqayisədə zəif göstəricilərə malik olan bir ölkədir. Podolyak yaxşı anlayır ki, Rusiyaya hücum üçün ilham verən yanaşmanı dəyişdirə bilsələr, hərbi əməliyyatlarda müəyyən uğurlar qazanmaq mümkün olacaq. Yəni o belə açıqlama verərək həm Rusiya siyasi elitasında, həm də cəmiyyətində fikir dəyişikliyinin başlamasına nail olmaq istəyir. Amma bunun nə qədər effektiv olacağı sual altındadır. Çünki mən düşünmürəm ki, Kremlin siyasi dairələri Podolyakın bir fikriylə, Ukraynadan üstün olmaq düşüncələrini dəyişsinlər".
Ekspert əlavə edib ki, Ukrayndakı əməliyyatların Rusiya ərazisinə keçməsi inandırıcı görünmür:
"Çünki müharibənin rus torpaqlarına keçməsi pis nəticələrə gətirə bilər. Biz bilirik ki, Moskvanın əlimdə öldürücü silahlar var. Hələ nüvə silahından və uzaqmənzilli raketlərdən də istifadə olunmayıb. Yəni Şimal qonşumuz sözügedən silahları düşə biləcəyi ən kritik məqamlar üçün saxlayır. Əgər müharibə Rusiya torpaqlarına keçərsə, onun əlinə bir əsas verilmiş olacaq. Bu halda isə daha genişmiqyaslı müharibə ilə qarşı-qarşıya qala bilərik. Belə vəziyyət Qərb və NATO-nun Ukraynanı indiki kimi müdafiə etməyə maraq göstərəcəyinə inanmıram. Ona görə ki, Rusiya yırtıcı nüvə dövlətidir və istənilən an dəlilik edə bilər. Ümumiyyətlə bütün mənfi hallar gözə alınıb, müharibə həqiqətən də Rusiya torpağına keçsə belə, onlar geri çəkilməyəcək. Çünki ruslar tarix boyu müharibələrdə olub. Hətta ikinci dünya savaşında əraziləri dağıntılara məruz qalsa belə Rusiya geri çəkilməyib. İndi Ukraynanın Şimal qonşumuzun ərazisində əməliyyatlara başlaması onu geri çəkəcək qədər ciddi addım deyil".
Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.