"Ümumiyyətlə tək Polşada yox, bütün Şərqi Avropada siyasi vəziyyət heç də stabillikdən xəbər vermir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O bildirib ki, Şərqi Avropa dövlətləri Rusiya və Qərbə nisbətən zəif hesab olunur:
"Bu isə onlarda bir çox qorxular yaradır. Məsələn, Rusiyanın Ukraynaya hücumunu özləri üçün risk kimi dəyərləndirirlər. Yəni Rusiyanın gözlənilməz hücumunun, sabah Şərqi Avropa dövlətlərinin də başına gələcəyindən qorxurlar. Ona görə də, başda Polşa olmaqla Şərqi Avropa dövlətləri çalışır ki, öz hərbi-texniki imkanlarını gücləndirsinlər. Polşa isə tək Ukrayna məsələsinə görə yox, həm də coğrafi mövqeyinə görə NATO-nun diqqət mərkəzindədir. Çünki Rusiyaya qarşı mübarizədə bu mövqe önəmlidir. Yəni Polşadan həm Ukrayna müharibəsinə müdaxilə etmək olur. Həm də Rusiyanın Avropadakı torpağı olan Kalininqradla sərhəddir. Rəsmi Moskva da bunu yaxşı bilir. Ona görə də, Qərblə sıx əlaqəsi olan Polşanı özü üçün təhlükə hesab edir. Polşa isə bunun ona qarşı hücumla yekunlaşa biləcəyindən qorxduğu üçün hazırlıq görür. ABŞ silahlarını arsenalına əlavə etmək də bu planlardan xəbər verməkdədir".
Ekspert əlavə edib ki, Polşanın isti münaqişəyə qoşulmaq istəyinin olduğunu düşünmür:
"Çünki Polşa yaxşı bilir ki, nə Qərbi Avropa, nə də Rusiya qədər güclüdür və qarşıdurmada ciddi yaralar ala bilər. Kremlin bu silahlanmaya reaksiyası isə bəllidir. Çünki biz bunu artıq Ukraynada görmüşük. Xatırlayırsınızsa, Ukraynanın hələ Qərb təşkillatlarına tam inteqrasiya olunmamasına baxmayaraq, Rusiya cüzi əməkdaşlıqları belə özü üçün təhdid hesab edirdi. İndi Polşaya ABŞ silahlarının gətirilməsi də Rusiya hərbi-siyasi elitasında isti qarşılanmayacaq. Hətta yaxın zamanlarda buna qarşı bəyanatlar da görəcəyik. Ümumiyyətlə hazırkı vəziyyətdə Rusiyanın Polşaya hücumu da real görünmür".
Qeyd edək ki, Polşa ABŞ-dən “Abrams” tankları ilə birlikdə Belarusla sərhəddə müdafiəni gücləndirəcək “Apache” hücum helikopterlərini tədarük edəcəyini gözləyir.
Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.
“Gələn həftə biz ABŞ Konqresinin “Apache” zərbə helikopterləri barədə müraciətimizlə bağlı qərarını gözləyirik. Beləliklə, “Abrams” “Apache” ilə birlikdə Brest Qapıları adlanan yerləri bağlayacaq bir maneə təşkil edəcək”, - nazir qeyd edib.