Bu gün Xəzər Universiteti və TRT-nin Bakı ofisinin birgə təşkilatçılığı ilə "Türkiyə 100: Azərbaycanla qardaşlıq ilişgiləri" adlı konfrans keçirilib. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir Türkiyənin və Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Türkiyə və Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra Türkiyənin Azərbaycandakı səfiri dos. dr. Cahid Bağçı çıxış edərək bir əsrə qədəm qoyan Türkiyənin tarixi keçmişi və gələcəyinə baxış ortaya qoyub. Balkan, Çanaqqala savaşlarında və I Dünya müharibəsində Azərbaycan xalqının Türkiyəyə qardaş köməyini diqqətə çatdıran C.Baxcı Qurtuluş savaşında da azərbaycanlıların eyni ruhla, əzmlə çalışdıqlarını vurğulayıb. Nəriman Nərimanovun "Qardaş qardaşa borc verməz, əl tutar" deyiminin Azərbaycanın Qarabağ zəfərinin kökündə Türkiyənin eyni ilə qardaş köməkliyini xatırladıb. C.Bağçı bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi Azərbaycan Ordusu Türkiyənin hərbi sistemi üzrə yenidən qurulur, təkmilləşdirilir və inkişaf etdirilir.
Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Türkiyə-Azərbaycan əlaqələrinin bir əsrlik tarixinin mənzərəsini çıxışında əks etdirib. Tarixi dəlil və faktlara söykənən H.İsaxanlı Qurtuluş savaşında Azərbaycan xalqının maddi-mənəvi dəstəyinin bugünkü önəmindən danışıb. Türkiyə Cümhuriyyətinin dövlət quruculuğu prosesində Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, M.Ə.Rəsulzadənin rolunu xatırladıb, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanı tək buraxmadığını xüsusi qeyd edib.
Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin direktoru, dosent, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlu Türkiyə Cümhuriyyətinin yubileyinin bütün türklərin və Türk cümhuriyyətlərinin bayramı olduğunu söyləyib və sözü tədqiqatçı-alimlərə verib. Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Elnar Məmmədli, Söhrab Mustafayev Qazi Mustafa Kamal Atatürkün və silahdaşlarının 1919-cu ilin martın 19-da başladığı Milli Qurtuluş Hərəkatı və bu hərəkata Azərbaycanın qardaş yardımı barədə məruzələr ediblər.