Dünyanın ən nüfuzlu 100 qadını açıqlanıb: Siyahıda türk alim də  var

BBC 2023-cü il üçün dünyanın ən ilhamverici və nüfuzlu 100 qadınının siyahısını açıqlayıb. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, təsirli hekayələri və nailiyyətləri ilə bu siyahıda olan qadınlar arasında Amal Kluni, Barbie ulduzu Amerika Ferrera, ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama və süni intellekt (AI) mütəxəssisi Timnit Gebru kimi adlar var. “Elektron büstqalter” ixtirası ilə tanınan türk alim Canan Dağdeviren də siyahıdadır.

Alim və ixtiraçı Canan Dağdevirenin dünyanın 100 ən nüfuzlu qadını siyahısına daxil edilməsi bütün türk dünyası adına qürurvericidir.


ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) dosenti olan Dağdeviren ultrasəs ilə döş xərçənginin erkən diaqnozu üçün geyinilə bilən “elektron büstqalter” icad edib.

Dağdeviren siyahıda olması ilə bağlı bunları deyib: “BBC-nin dünyanın dörd bir yanından seçilmiş 100 ilhamverici və nüfuzlu qadın siyahısının 11-ci sırasında yer aldığıma və Cümhuriyyətin 100-cü ildönümündə Türkiyə Cümhuriyyətini bu siyahıda təmsil edə bildiyimə görə çox xoşbəxtəm”.

MİT Media Laboratoriyasında təhsilini davam etdirən Dosent Dr. Canan Dağdeviren bildirib ki, layihə üçün ilhamını 49 yaşında ağır döş xərçəngi diaqnozu qoyulan və 6 ay sonra dünyasını dəyişən bibisi Fatma Çalışkanoğlundan alıb.