Ukraynadakı münaqişədə vaxt Rusiyanın tərəfindədir və Qərbin hesablamalarının əksinə olaraq, Ukrayna ordusu döyüş meydanında mövqeyini yaxşılaşdıra bilməyəcək.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“İstənilən halda Ukraynada hərbi əməliyyatlar tez bir zamanda dayandırılmalıdır, çünki orada hər gün insanlar ölür. Bu məsələlər fevralın 1-də AB-nin Brüsseldə keçirilən sammitində müzakirə olunub. Qərb hələ də düşünür ki, zaman bizim tərəfimizdədir və müharibə nə qədər uzun sürsə, Ukrayna üçün hərbi vəziyyət o qədər yaxşılaşacaq. Amma həqiqət bunun əksidir. Zaman rusların tərəfindədir və müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan öləcək və qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişməyəcək”, - nazir bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Sultan Zahidov bildirib ki, bu günə qədər Avropa Birliyinin Ukraynaya dəstəyinə mane olan ölkə məhz Macarıstan idi:
"Amma ötən gün Brüsseldə keçirilən sammitdə Macarıstanın da razılığı və bütün üzvlərin dəstəyi sayəsində Avropa İttifaqının Ukraynaya 54 milyard avroluq yardım paketi təsdiqləndi. Bu paket isə 2024-2027-ci illər üçün nəzərdə tutulub. Orbanın açıqlamasında müəyyən haqlı məqamlar mövcuddur. Çünki hazırda Rusiya-Ukrayna cəbhəsində tükəndirmə müharibəsi gedir. Reallıq ondan ibarətdir ki, vaxt Ukraynanı əleyhinə işləyir. Rusiya həm iqtisadi, həm də hərbi tədarük və texnologiya cəhətdən Ukraynadan qat-qat üstündür. Tükəndirmə müharibəsində isə ən çox itirən Ukrayna olacaq. Əgər Qərbin Ukraynaya dəstəyi dayansa idi, müharibə bir neçə aya bitərdi. Amma Qərbin dəstəyi Ukraynanın Rusiya qarşısında müqavimət göstərməsinə səbəb olan amillər sırasındadır. Qərb Ukraynaya nə qədər dəstəkdən dən vursa da, onlara ən ali silahları göndərmir. Məsələn, Ukraynanın tələb etdiyi F-16-ı və 7-35-ləri Amerika Birləşmiş Ştatları heç bir halda göndərmək istəmir. Çünki bu cür yardımların göstərilməsi həm ABŞ-ı hərbi cəhətdən geri
sala bilər, həm də Rusiyanın daha sərt mexanizmlər həyata keçirməsinə imkan yarada bilər".
Ekspert vurğulayıb ki, Qərb Ukraynada Əfqanıstan ssenarisinin təkrarlanacağını düşünür:
"1979-cu ildə SSRİ (Sovet Sosialist Respublikalar İttifaqı) Əfqanıstana girdikdən sonra ABŞ və digər Qərb ölkələri oradakı mücahidləri kommunistlərə qarşı dəstəkləmişdi. 10 il sonra isə iqtisadi cəhətdən çöküşdə olan SSRİ Əfqanıstandan çıxmaq məcburiyyətində qaldı. Amma eyni ssenarinin Ukraynada təkrar olunmasını düşünmürəm. Çünki Əfqanıstan coğrafi və relyef baxımından Ukraynadan tamamilə fərqlidir. Eyni zamanda həmin dövrdə SSRİ-də iqtisadi resessiya baş verməkdə idi. Əgər Qərb Ukraynaya dəstəyini ciddi şəkildə artırmasa, müharibədə rəsmi Kiyevin qalib gəlməsi mümkün deyil. Yalnız Putinin hakimiyyətdən getməsi və təbii şəkildə vəfat etməsinə ümid bəsləmək olar. Rusiyanın yaxın vaxtlarda hücüm əməliyyatları həyata keçirmə ehtimalı da böyükdür. Prezident seçkilərindən sonra bu baş verə biler".