Kiyev Ukraynanın tərəfdaşlarının növbəti hərbi yardım paketinə F-16 qırıcılarının verilməsi məsələsinin də daxil ediləcəyini gözləyir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev deyib.
O bildirib ki, Ukrayna 300-500 kilometrlik mənzilli raketlərin təhvil veriləcəyinə ümid edir:
“Bu, bizə döyüş meydanında daha böyük uğurlar əldə etməyə və ərazimizi azad etməyə imkan verəcək”.
Generalın sözlərinə görə, Ukrayna indiyə kimi Qərbdən müxtəlif növ silahlar, o cümlədən raketlər alıb.
Ukraynanın vəziyyətinin çətin olduğu bildirən siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Kiyevi müharibəyə sürükləyən ABŞ və Avropa indi onu qoyub qaçmağa həvəsli görünür:
"Müharibənin ilk günlərində gerçəkləşdirilən yardımlarla bağlı aktivliyi artıq görmürük. Avropa İttifaqı təxminən 50 milyardlıq yardım paketindən danışır. Amma bunun Ukraynanın problemlərinə kömək edəcəyinə inanmıram. Çünki hazırda Ukraynaya həddindən artıq böyük dəstək lazımdır. Qırıcıların verilməsi məsələsi çox uzandı. Eyni zamanda F-16-ların adını sadəcə olaraq təbliğatda eşidirik, icraatda isə bu prosesi görmürük. Raketlərlə bağlı Zelenskinin çağırışına cavab verilə bilər. Amma raketlərin verilməsi rəsmi Kiyevin problemlərini tamamilə yox etməyəcək. İndi Ukraynaya maddi yardım və F16 kimi qırıcıların verilməsi önəmlidir. Həmçinin canlı qüvvə istiqamətində də Ukraynanın böyük itkiləri var. Həmin istiqamətlərdə də Kiyevin problemləri həll edilməlidir".