Aİ geri addım atır: Ukrayna tab gətirəcək?

Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) Ukraynaya dəstək üçün ehtiyatlarının tükəndiyini deyib.
“Report” xəbər verir ki, o, Aİ-nin “sehrli çubuğunun” olmadığını söyləyib: “Ukraynanın daha çox silaha ehtiyacı var. Biz bunu verməliyik. Amma “sehrli çubuğa” sahib deyilik”.
Aİ rəsmisi, həmçinin diqqətə çatdırıb ki, Avropanın silah anbarları da boşalıb: “Mart ayına qədər Aİ Kiyevə ümumilikdə təxminən 550-600 min mərmi verə biləcək və əvvəllər vəd edilən 1 milyon ilin sonuna qədər ötürüləcək”.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Avropa İttifaqı Ukraynaya dəstək məsələsində tamamilə geri addım atır: 

"Bu gün Ukraynanın siyasi hərbi rəhbərliyində təmsil olunan şəxslər də Aİ-dan kifayət qədər maliyyə yardımı ala bilmədiklərini vurğulayırlar.  Bu isə Ukrayna və Aİ-ı arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Buna baxmayaraq Avropa İttifaqı Ukraynaya istənilən yardımı göstərmir. Ukraynaya yardımların azalması isə Rusiyanın qələbə ehtimallarını xeyli artırır. Hələ müharibə başlayanda bəlli idi ki, resurs və maddi təchizat baxımından qüvvələr balansı adekvat deyil. Ukraynanın Rusiyaya qarşı müqavimətinin nə qədər davam edəcəyi də skeptik məsələdir".