Putinin Türkiyəyə səfəri tez-tez ertələnir - SƏBƏB?

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər tarixi müəyyən olunmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin Ankaraya səfər tədbirinə hazırlıq aparılır.
Qeyd edək ki, dünən TASS agentliyi Türkiyədəki mənbəyinə istinadən Putinin fevralın 12-də Türkiyəyə səfərinin təxirə salındığını yazıb.


Mövzu ilə bağlı "Sherg.az"a danışan türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, Türkiyəyə səfər məsələsini ilk dəfə Vladimir Putin keçən il illik mətbuat konfransında gündəmə gətirib: 

"Türkiyədə isə bəzi mənbələr Putinin ziyarətinin 12 fevralda baş tutacağını bilirdilər. Lakin Rusiya tərəfi bu səfərin tarixini heç vaxt dəqiq deməyib. Dmitri Peskov və Fyodor Uşakov həmişə ziyarətin baş tutacağını təsdiq ediblər, amma tarixinin bəlli olmadığını vurğulayıblar. Təhlükəsizlik səbəbləri ilə bağlı Putinin ziyarətin vaxdı əvvəlcədən açıqlanmır. Dünən isə səfərin təxirə salınması ilə bağlı xəbər yayıldı. Amma ziyarət tarixinin dəqiq olmadığına görə səfərin təxirə salınmağına da ehtiyatlı yanaşmaq lazımdır. Digər tərəfdən Putinin səfərinin təxirə salınmasını Türkiyədəki bələdiyyə seçkiləri ilə əlaqələndirmək olar. Çünki Putin seçki öncəsi Türkiyəyə gələrək Rəcəb Tayyib Ərdoğan leyinə açıqlama vermək niyyətində deyil. Yəni Putinin səfərinin təxirə düşməsi ilə əlaqəli problem olduğunu düşünmürəm. Amma səfərin tarixi məsələsində tərəflər arasında dəqiq vaxt yoxdur. Ancaq bu Putinin uzun müddətdir ki, Türkiyəyə səfər etmədiyi reallığını da dəyişdirmir. Pandemiya və Ukrayna müharibəsi səbəbindən təxminən 4-5 ildir Rusiya Prezidenti Türkiyəyə gəlmir".