Analitik: İsrail Rəfaha hücüm etsə, fəlakət baş verəcək

İsrail ordusunun Qəzzanın Rəfah şəhərinə mümkün əməliyyatı fəlakət ola bilər.
Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, yüz minlərlə fələstinlinin Qəzzanın cənubunda kiçik ərazidə məskunlaşdığını xatırladıb:
“İsrailin bununla bağlı planlarını görməmişik. Fələstinlilər Rəfah daxilində və ətrafında qorunurlar. Orada xeyli insan var. Hazırda Rəfahda mümkün əməliyyat fəlakətə çevrilə bilər və bunu biz dəstəkləmirik”.

Con Kirbinin fikirlərinə münasibət bildirən politoloq Sultan Zahidov "Sherg.az"a bildirib ki, müharibənin başlanğıcında Qəzzada və digər yerlərdə  yaşayan sakinlər Qəzza zolağının cənubuna, Rəfaha köç etmişdi:
"İsrailin də sivil insanların Rəfah bölgəsinə getməsi ilə bağlı tələbi olmuşdu və oranı təhlükəsiz zona elan etmişdi. Amma İsrailin vaxtaşırı olaraq Rəfaha havadan hücüm etdiyinin şahidi olurduq. İndi isə Rəfah bölgəsinə Quru Qoşunların hücüm etməsi gözlənilir. Məsələ ondan ibarətdir ki, İsrail Qəzza zolağında qarşısına qoyduğu hədəflərə hələ çatmayıb. Amma zolağın əsas iki şəhəri olan Qəzza və Xan-Yunisdə tam nəzarəti ələ keçirə biliblər. İndi isə əsas diqqəti Rəfaha yönəldiblər. Çünki HƏMAS-ın döyüşçüləri və rəhbərliyinin Rəfahda gizləndiyi ehtimal olunur. Söhbət burada ilk növbədə HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvardan gedir. Digər məsələ isə HƏMAS-ı tamamilə ləğv etməyin və əsirləri xilas etməyin mümkünsüz olmasıdır. Çünki HƏMAS bütün qoşunlarının məğlub olduğunu görən zaman  həmin əsirləri qətl edəcək. Belə olan halda isə İsrail əsirlərin geri qaytarılması istəyinə nail ola bilməyəcək. Buna görə də kütləvi şəkildə insanların qırğınının qarşısının alınması üçün ABŞ tərəfi İsrail üzərində təzyiq mexanizmlərini tətbiq edir. Reallıq bundan ibarətdir ki, İsrail Rəfaha hücüm etsə, fəlakət baş verəcək. Amma İsrail tərəfindən heç bir geri addım atıldığının şahidi olmuruq. Netanyahu əksinə olaraq sona qədər hücumlarını davam etdirəcəklərini bildirir".

Ekspert onu da qeyd edib ki, bir neçə həftədir İsrail, HƏMAS rəhbərliyi arasında dolayı yolla Qətər, Misir və Parisdə danışıqlar həyata keçrilir: 
"Bu danışıqlar nəticəsində isə HƏMAS tərəfindən İsrailə üç mərhələli atəşkəs planı təklif edilmişdi. Birinci mərhələdə İsrail qadın və uşaqlardan ibarət 1500 əsri azad edəcəkdi. Bunun əvəzində isə HƏMAS əsir saxladığı insanları geri qaytaracaqdı. Bu mərhələdə digər tələb isə hər gün Qəzza zolağına 500 hümanitar və yanacaq dolu yük maşınının daxil olması nəzərdə tutulmuşdu. İkinci mərhələdə isə HƏMAS əsir saxladığı bütün şəxsləri azad edir, İsrail ordusu isə birdəfəlik Qəzza bölgəsindən çıxacaqdı. Üçüncü mərhələ isə hər iki tərəfdə olan cəsədlərin mübadiləsini özündə əsk etdirirdi. İsrail tərəfi isə bu planı bir illüziya adlandırdı. Çünki İsrail HƏMAS-ı təhlükə hesab etdiyi üçün onun məhvinə çalışır. Yaxın zamanda müharibənin gedişində sülh əldə olmayacaq və İsrail uzun müddət savaşla bağlı mübarizə aparacaq".