Əgər təhlükəsizliklə bağlı fövqəladə vəziyyət yaranarsa, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ərazisini işğal etməyə hazırdır”.
Bunu Şimali Koreya lideri Kim Çen In Xalq Ordusunun yaradılmasının 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O əlavə edib ki, KXDR Cənubi Koreyanı özünün daimi və əsas düşməni hesab edir.
Kim Çen Inın fikirlərinə münasibət bildirən politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, iki ölkə arasındakı 70 ildən çox davam edən problem hələ də qalmaqdadır:
"Ona görə də Şimali Koreya Cənubi Koreyanı daimi düşmən ölkə elan etməkdə davam edir. Ancaq bu real müharibə təhlükəsindən xəbər vermir. Heç bir ölkə bu riski öz üzərinə götürməyəcək. Şimali Koreyanın indiki halda yüksək texnoloji silahlara sahib olan Cənubi Koreyaya hücüm edib hansısa uğur əldə etməsi mümkün deyil. Cənubi Koreya Yaponiya və ABŞ tərəfindən silah və texnologiya baxımından dəstəklənir. Eyni zamanda Cənubi Koreyanın kifayət qədər inkişaf etmiş ordusu var və F35 qırıcı təyyarələri mövcuddur. ABŞ sənayesinin yüksək texnoloji imkanlarından istifadə edir. Ona görə də Şimali Koreyanın Cənubi Koreya üzərində qalib gəlmə ehtimalı yoxdur. Sadəcə olaraq Şimali Koreya Cənubi Koreya, Yaponiya və ABŞ-nin Qərb sahilərini nüvə ilə təhdid edir".