Gec-tez Ukrayna və Rusiya razılığa gələcək.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Bilirsiniz necədir, hətta, bugünkü situasiyada qəribə səslənə bilər: onsuz da xalqlar arasında münasibətlər bərpa olunacaq. Bu, çox vaxt aparacaq, amma olacaq”, - o bildirib.
Vəziyyəti indi olduğu kimi saxlamağa hazır olub-olmaması sualını cavablandıran Putin qeyd edib ki, bu, danışıqların mövzusudur:
“Amma hələlik heç kim Rusiya ilə danışıqlar aparmır. Onların nə istədiklərini bilirəm, təkcə görmürəm, həm də nə istədiklərini bilirəm, ancaq onlar bunu necə edəcəklərini anlaya bilmirlər”.
Putinin dediklərində qeyri-adi hadisənin olmadığını vurğulayan politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, həqiqətən də Rusiya-Ukrayna müharibəsi gec-tez bitəcək və iki ölkə arasında sülh müqaviləsi imzalanacaq:
"Əsas məsələ isə sülhün nə vaxt və hansı reallıqlar çərçivəsində baş tutmasıdır. İndiki reallıqlar sülhün əldə edilməsində ciddi problemlər yaradır. Çünki Rusiya Ukrayna ərazilərini işğal edib. Ukrayna isə həmin işğal ilə barışmır. Eyni zamanda Ukraynaya ABŞ və Qərbdən dəstək də mövcuddur. Ona görə də bu reallıqlar çərçivəsində tərəflərin sülh müqaviləsi imzalaması hələlik mümkün deyil. Putinin açıqlaması onun gözləntisinin olmağından xəbər verir. Bu gözlənti isə çox güman Trampın yenidən hakimiyyətə gəlməsidir. Trampın sərgilədiyi xarici siyasət Rusiya üçün məqbul idi. Yəni Putin Tramp hakimiyyətə gələrsə, Ukraynaya yardımın kəsiləcəyini ümid edir. Baydendən fərqli olaraq Tramp daxili siyasətə daha çox fokuslanır və xarici hərbi xərclərin azaldılmasının tərəfdarıdır. Ola bilsin ki, Ukraynaya yardımların verilməsini Tramp dəstəkləməyəcək. Bu isə Rusiyaya sərf edəcək ehtimal ssenaridir".