Ermənistanın növbəti təxribatı: Aİ-nin mülki missiyasının əli var?-ŞƏRH

Son zamanlar Azərbaycan və Ermənistan arasında sülh prosesinə gedən yolda müəyyən addımlar atılırdı.  Ermənistan tərəfi hər zaman sülhə hazır olduqlarını bildirdilər. Amma daima sülh prosesi gündəmə gətiriləndə Ermənistan bəyanatlar verməklə  müəyyən prinsiplər irəli sürüb. 
Dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açması bir daha sübüt edir ki, Ermənistan sülh prosesində maraqlı deyil. 
Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü törədildiyi, vəziyyətin gərginləşdirilməsinə  hesablandığı aydın şəkildə görünür. 

Ermənistanın növbəti təxribatını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bunun bir neçə səbəbi var: 
"İlk öncə hansı istiqamətdə olduğuna diqqət yetirmək lazımdır. Zəngilan istiqaməti təsadüfi seçilməyib. Çünki bu açılan atəş Zəngəzur dəhlizinə qarşı törədilən bir addımdır. Hazırda Azərbaycan və Ermənistan arasında seçkidən sonra gözləniləcək mümkün danışıqlarda əsas məsələ kommunikasiyanın hansı prinsiplə açılması olacaq. Burada məhz Bakının təklif etdiyi Azərbaycandan-Azərbaycana prinsipi əsas götürüləcək. Ermənistan isə Qərb platformasına ümid edir ki, hadisə onun istəyi kimi olacaq. Amma indiki situasiyada Brüsseldə mümkün danışıqlar baş tutarsa, Zəngəzur dəhlizi məsələsi Azərbaycanın istədiyi kimi gündəmə gətiriləcək. Ermənistanın snayper vasitəsilə hücüm etməsi bu yolun təhlükəsiz olmadığını göstərməyə çalışmaqdır. Avropa İttifaqı Mərkəzi Asiya ilə yanvar ayının sonunda görüş keçirmişdi. Burada əsas məqsəd Transxəzər qaz kəmər layihəsinin işə salınması idi. Bu layihədə Zəngəzur dəhlizi əsas təhlükəsiz koridorlardan biri hesab edilir".

Ekspert onu da vurğulayıb ki, Ermənistanın təxribat törətməsinə əsas səbəb sülh prosesi gündəliyini dəyişməkdir: 
"Gərginlik baş verərsə, sülh prosesinə kölgə düşəcək. Digər tərəfdən Azərbaycan və Ermənistan sərhəddində təxribatlarda Qərbin öz maraqları mövcuddur. Xüsusilə də Fransa başda olmaqla Qərb regiona gəlmək üçün belə proseslərə əl atır. Belə bir təxribatdan sonra başlanacaq eskolasiya Rusiyanın Ermənistanın təhlükəsizliyində rol oynamadığını ortaya qoyur. Eyni zamanda Avropa İttifaqının mülki missiyasının təxribata səssiz qalması da prosesdə əllərinin olduğunu göstərir. Çünki açılan atəş snayper vasitəsilə həyata keçirilib və təsadüfi prosesə oxşamır. Snayperlə açılan atəş isə çox zaman əvvəlcədən hazırlanmış təxribat olur. Təxribatının məqsədi Cənubi Qafqazda yeni eskolasiya yaratmağa hesablanır. Bundan sonra da bu cür hadisələrin olması gözləniləndir. Amma Azərbaycan hər zaman adekvat cavab sərgiləyəcək və bundan Ermənistan böyük ziyan çəkəcək".