Roma statutu: Ermənistan Putini həbs etsə... AÇIQLAMA

Moskva Ermənistanın Roma statutuna qoşulması ilə əlaqədar olaraq, İrəvandan təminat almalıdır.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz artıq demişik ki, şübhəsiz, Ermənistanın bu beynəlxalq statuta qoşulması ilə əlaqədar yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Əlbəttə, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir, bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir və biz buna köklənmişik", - Kreml nümayəndəsi deyib.

 Açıqlamaya münasibət bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Dmitri Peskovun açıqlamasında yer alan "Ermənistan və Rusiya arasında yeni reallıqlar yaranmışdır" sözünün pərdəarxasında müəyyən amillər mövcuddur: 

"Məsələn, necə ki, Ermənistan Rusiyaya üçün Cənubi Qafqazda yeni reallıqlar yaradıb, eləcə də  həmin gərçəyi Moskva İrəvan üçün yarada bilər. Yəni indiyə qədər Rusiya Ermənistanın nazı ilə oynayırdı. Eyni zamanda Rusiya Ermənistana qarşı ciddi şəkildə addımlar atmırdı. Peskovun açıqlaması ilk növbədə rəsmi İrəvanı Moskva ilə dialoqa çağırmaqdan ibarətdir. Həmin danışıqların isə əsas tərkib hissəsi Qarabağ probleminin qalmadığını, sərhədlərin delimitasiyası və demarkasiyası problemini Rusiyanın vasitəsilə həyata keçirilməsinin vacibliyini bildirməkdir. Rusiya dəfələrlə bunu Ermənistan tərəfinə söyləyib, amma qarşılığında  rədd cavabı alıb. Nəticə etibarilə Peskovun açıqlaması Ermənistanın mövqeyini təyin etməsi və həmin mövqedə  Rusiyanın yerini açıq şəkildə bildirməsi mənasına gəlir. Çünki söhbət Ermənistan iqtidarından deyil, Ermənistan dövlətindən gedir. Əgər Ermənistan doğrudanda Rusiya Prezidentinə qarşı həbs kimi fəaliyyət aparsa, bu Ermənistan dövlətinin yox olmasına gətirəcək".