13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ali nümayəndə Cozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nərticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır.
Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb.
Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq-Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur.
Avropa İttifaqının ali nümayəndəsinin fikirlərinə münasibət bildirən millət vəkili Səməd Seyidov "Sherg.az"a söyləyib ki, artıq Cozep Borrellin Azərbaycana qarşı münasibəti qərəz yox, düşmənçilikdir:
"Birbaşa erməni tərəfini tutan və Avropa Birliyini təmsil edən şəxs ilk növbədə Aİ-nın özünə zərbə vurur. Bu gün and içmə mərasimində Cənab Prezident İlham Əliyev çox gözəl vurğuladı ki, bir neçə ölkə birləşərək ictimai rəyi təqdim etmək istəyir. Amma özlərini ictimai rəyi təqdim etmək iqtidarında olmayan qurum kimi aparırlar. Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallığı qəbullanmır. Eyni zamanda Azərbaycanın qələbəsini həzm edə bilmirlər və islamofob mövqedən çıxış edirlər. Ona görə də həmişə erməninin tərəfini tutaraq Azərbaycana qarşı hansısa problem yaratmaq niyyətində olublar. Hətta Cənubi Qafqaza müdaxilə etmək üçün özlərinə sərf edən şərhlər verirlər. Cozef Borrellin bu cür açıqlaması faktiki olaraq regionda sülh prosesinə zərbədir. Ümumiyyətlə Aİ regionda Ermənistandan alət kimi istifadə edərək öz maraqlarını həyata keçirmək istəyir. Azərbaycan isə öz mövqeyində möhkəm dayanıb və hər bir müdaxiləyə ciddi şəkildə cavab verməyə hazırdır. Son hadisələr də göstərdi ki, Azərbaycana qarşı hansısa profilakasiya həyata keçirilsə, ona qarşı ciddi zərbə göstərmək iqtidarındadır".