“Bəzi dövlətlər Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya çıxış əldə etmək üçün Ermənistan-Azərbaycan sərhədindəki yüksək münaqişə potensialından istifadə edirlər”.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov bildirib.
O bildirib ki, KTMT Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək hesab edir.
“Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması üçün sülh müqaviləsi lazımdır. Bəzi dövlətlər Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya çıxış əldə etmək üçün Ermənistan-Azərbaycan sərhədindəki yüksək münaqişə potensialından istifadə edirlər. Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvanın arasında təmasların sonrakı nizamlanma prosesinə təsir göstərməyə çalışır. ABŞ-ın dağıdıcı fəaliyyəti təşkilatın təhlükəsizliyinə təhdidlərin əsas mənbəyidir”.
Andrey Serdyukovun fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, bütün vasitəçilik iddiasında olan tərəflərin, xüsusilə də Fransa, ABŞ, Rusiya və İranın regionla bağlı öz maraqları var:
"Eyni zamanda Türkiyənin də regionla bağlı müəyyən maraqları mövcuddur. Amma Türkiyə münasibətlərin normallaşmasında səmimi olan yeganə aktordur. Çünki Türkiyə regionda sabitliyin bərqərar olmasını və "3+3" formatının reallaşmasını istəyir. KTMT-nin verdiyi bəyanat isə diqqət çəkən məqamdır. Dünyada Qərb və Rusiya olmaqla iki tərəf var. KTMT-nin leitmotivi isə Rusiyadır. Ona görə də KTMT-nin verdiyi açıqlama Rusiyanın mövqeyi deməkdir. Qərb ilə Rusiya Cənubi Qafqazdakı vəziyyətlə bağlı bir-birlərini ittiham edir. Eyni zamanda iddia edirlər ki, qarşı tərəf növbəti müharibənin olmasında maraqlıdır. Əslində, real olaraq növbəti hərbi toqquşma ehtimalı istisna deyil. Xüsusilə də 12 fevral tarixində Ermənistanın törətdiyi təxribat bu ehtimalı daha da gücləndirir. Bu isə Ermənistan üçün yaxşı heç nə vədd etmir".
Ekspert qeyd edib ki, proseslərin gedişatına diqqətlə nəzər yetirən zaman son hadisələrdə Rusiyanın əlinin olması istisna edilmir:
"Təxribatın törədildiyi gün elan olundu ki, Ermənistan minalı ərazilərin xəritələrini Azərbaycana təhvil verib. Bundan sonra isə ilk açıqlama verən Kreml oldu. Rusiyanın konkret planları var və həmin məqsədlər son nəticədə Ermənistanın əzilməsinə hesablanıb. Həmçinin Rusiya bölgədə hələki sülhün olmasında maraqlı deyil. Çünki rus sülhməramlılarının regionda qalması üçün sülh prosesi olmamalıdır. İndi isə KTMT-nin verdiyi bəyanat göstərir ki, Rusiya gələcəkdə də eyni provokasiyalar yarada bilər".