Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
Qeyd etmək lazımdır ki, Almaniya kansleri Şolsun təşəbbüsü ilə Azərbaycan Ermənistan görüşü qətiyyən 3 tərəfli deyil, 2 tərəfli görüşdür. Almaniya burada vasitəçi deyil, sadəcə təşəbbüsçü və təşkilatçıdır. Eyni zamanda İnaqurasiya mərasimimdəki nitqində də Prezident qeyd etmişdi ki, heç bir artıq vasitəçiyə ehtiyac yoxdur.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev söyləyib ki, uzun müddət fasilədən sonra bu görüşü müsbət dəyərləndirmək olar:
“Azərbaycan sübüt etdi ki, sülh prosesinə sadiqdir. Eyni zamanda bunun sülh uğruna baş tutmasını da istəmirik. Yəni real şəkildə sülh danışıqlarının olmasını tələb edirik. Digər tərəfdən əvvəllər Azərbaycan rəsmi Brüsselin vasitəçiliyi ilə görüşürdü. Daha sonra isə rəsmi Brüssel Kişinyov formatında görüşü ortaya qoydu. Azərbaycan isə Kişinyov görüşünə bir şərtlə razı olmuşdu ki, rəsmi Brüssel formatını əvəz etməyəcək. Digər tərəfdən Qranada sammitində Almaniya, Fransa və Avropa İttifaqı əsas vasitəçi kimi ortada idilər. Paşinyan isə həmin görüşə qatılmaqdan imtina etmişdi. Prezident seçkilərindən sonra Şarl Mişel İlham Əlevi təbrik edən zaman Brüssel formatında görüşlə bağlı fikirlərini soruşmuşdu. Azərbaycan isə əyani şəkildə Brüssel formatında görüşdən imtina etmədiyini sübüt etdi. Almaniyanın iştirakı ilə bağlı görüşün baş tutması Fransanın ermənipərəst mövqeyinin Azərbaycan tərəfindən heç zaman qəbul edilməyəcəyini deməyə əsas verir. Çünki görüşdə Almaniya ilə yanaşı Fransa da iştirak etmək istəyirdi. Ümumiyyətlə Azərbaycan ikitərəfli şəkildə görüşün tərəfdarıdır. Ola bilsin ki, növbəti mərhələdə Azərbaycan Prezidenti və Ermənistan baş naziri təkbətək görüşsün. Həmçinin görüş zamanı Paşinyan verdiyi vədlərə sadiq olduğunu söylədi. Bunun nə qədər real olduğunu isə gələcək zaman çərçivəsində görəcəyik. Məsələn, ikinci Brüssel görüşü zamanı Zəngəzur dəhlizindən dəmir yolunun keçəcəyinə dair söz vermişdi. Amma iki il keçməyinə rəğmən ortada heç nə yoxdur. Əgər Paşinyan verdiyi sözlərdə dayanıqlı olsa, sülh sazişinin imzalanması yaxındır”.