“Cinayətkarlar əməllərini əqidə adı altında pərdələmək istəyirlər”
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Report.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə iclasda təqsirləndirilən Azər Səricanov dindirilib.
O, Fazil Mustafanın sosial şəbəkələrdə işlətdiyi ifadələrdən xoşu gəlmədiyini və bundan qəzəbli olduğunu bildirib: " Mənlə birgə oturan təqsirləndirilən şəxslərin günahı yoxdu. Silah isə mənə məxsus idi".
Təqsirləndirilən Rəşad Əhmədov ifadəsi zamanı bildirib ki, təqsirləndirilən şəxslərdən təkcə Azər Səricanovu tanıyır:
"Azəri məsciddən tanıyıram. Onunla xırda biznesimiz olub, yağ satırdıq. Onun verdiyi silahı saxlamışam. Fazil Mustafaya qarşı hər hansı bir planının olması ilə bağlı məlumatım yox idi. Valehə gəldikdə isə o, mənim uşaqlıq dostum olub. Suriyada döyüşüb, ordan da səhv etmirəmsə, İrana keçərək yaşayır".
R.Əhmədovun sözlərinə görə, silahı ona hadisədən qabaq təqsirləndirilən şəxs Azər Səricanov verib: "Azər silahı saxlamağımı xahiş etdi. Mən də öz növbəmdə silahı Xəyyam adlı şəxsə verdim. Hərbiyə böyük marağım olub və arzum pilot olmaq idi. Ona görə də telefonumda bəzi yerlərin fotolarını çəkib saxlayırdım. Azərin həbs olunmasını eşidib qorxdum və İrana - Qum şəhərinə getdim".
Məhkəmə növbəti iclası martın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsdetmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.
Millət vəkili Fazil Mustafa isə “Sherg.az”a açıqlamasında deyib ki, məhkəmədə təqsirləndirilən şəxsin etirafları da onu deməyə əsas verir ki, sui-qəsd bilavasitə xarici xüsusi xidmət orqanlarının planlaşdırdığı əməliyyatdır. Saxlanılan şəxslər isə həmin orqanların əlaltılarıdır:
“Fars-erməni rejiminə xidmət edən bu qüvvələr törətdiyi cinayətlərini əqidə adı altında pərdələmək istəyirlər. Həmin əqidəsizlərdən soruşuram, sizin əqidəniz islamdırsa, islamda hansı müsəlmana deyiblər ki, oruc tutan başqa bir müsəlmanı öldürə bilərsən? Kiminsə statusu, mövqeyi xoşuna gəlmirsə, onu öldürmək kimi vəhşiliyi hansı dindən öyrəniblər? Onların verdiyi ifadələr sadəcə etdikləri cinayətə bəraət qazandırmaq, cəzalarını yumşaltmaq məqsədinə xidmət edir.
Statuslarımda erməni-fars rejiminə xidmət edən şəxslərə qarşı mübarizə aparıram, əlbəttə ki, fikirlərim onlara xoş gəlməz. Kimlərəsə xoş gəlmir deyə, dövlətimizin, millətimizin maraqlarını bunlara qurban verəsi deyilik ki? Qumda təlim keçib ölkəsinə, millətinə qarşı hər cür təxribata hazır vəziyyətə gətirilən bu satqınlar təkcə mənə, mənim mövqeyimə nifrət etmirlər ki?! Onlar bütövlükdə dövlətimizə qarşı nifrət bəsləyirlər. Hərbi obyektləri çəkib paylaşan, düşmən ölkələrə ötürən insanlar kimin statusuna əsəbiləşib bu satqınlığı edir? Onlar da dövlətimizin hərbi qüdrətini həzm edə bilmirlər?! Əgər mənə qarşı sui-qəsdi şəxsi nifrət zəminində törədibsə, İrandan aldığı 30 min manat vəsait nə üçündür? Qumda SEPAH təmsilçiləri ilə hansı məqsədlə görüşüb?”.
F.Mustafanın sözlərinə görə, Azərbaycanda bu cür qruplaşmaların sayı çoxdur. Hər an Vətənə xəyanət eləməyə hazır olan, ictimai yerlərdə təxribat, dövlət xadimlərinə qarşı sui-qəsd törətməyə hazır olan qüvvələr var.
Qeyd edək ki, məhkəmə prosesində Fazil Mustafanı qanuni nümayəndəsi zərərçəkmiş şəxs qismində təmsil edir.