“Nikol Paşinyanın tutduğu yol ATƏT-in Minsk qrupunun fəaliyyətinin uğursuz olması və müharibə ilə nəticələndi”.
Bunu Ermənistan Parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
Erməni deputat bildirib ki, danışıqların formatında fərqlilik var:
“Ermənistan Rusiyanın təkliflərindən yararlanmaqdan imtina edir. Azərbaycan da Qərb masasında istədiyi hər şeyə nail olduğu üçün bu platforma əhəmiyyətini itirib.
ABŞ Bakı-İrəvan dialoqunu dəstəklədiyini deyir. Qısası, əllərini yuyub kənara çəkiliblər, deyirlər, “get nə istəyirsən et, biz vasitəçi deyilik, zəmanət də vermirik”.
Münxendə Almaniyanı masada gördük. Onlar Türkiyə ilə sıx əməkdaşlıq edirlər, yəni Almaniyanın iştirakı bizə heç nə verməyəcək. Paşinyandan fərqli olaraq Əliyev bütün platformalarda istədiyini ala bilir”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Orxan Amaşov bildirib ki, Paşinyan İkinci Qarabağ müharibəsinə qədərki dövrdə bir çox səhvlər edib:
“”Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh prosesinin baltalanmasına səbəb oldu. Paşinyan özü də qeyd edir ki, hakimiyyətə gələn zaman vəziyyəti anlayıb, amma dəyişəcəyini güman edib. Nikol Paşinyanın çox ziddiyətli açıqlamaları olub. Hətta bu yaxınlarda bildirdi ki, 2016-ci il danışıqlar prosesində “Artsax Respubilikası” mövcud deyildi. Digər tərəfdən isə söyləyib ki, 2017-ci model prinsiplərinə əsasən qondarma müstəqilliyin qeyri-leqal olması Ermənistan tərəfindən qəbul edilmişdi. Belə olan halda Nikol Paşinyanın çox böyük səhvlər etdiyi aydın şəkildə görünür. Paşinyan hakimiyyətə gəlməsə belə, Azərbaycan beynəlxalq hüquqla olan imtiyazlarından istifadə edərək ərazi bütövlüyünü bərpa edəcəkdi. 2020-ci ildən sonra Paşinyan tədricən erməni xalqına başa salmağa başlayıb ki, Qarabağ həmişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalı idi”.
Ekspert qeyd edib ki, danışıqlara nəzər yetirən zaman Azərbaycanın təklif etdiklərini Ermənistan qəbul etməyəndə rəsmi Bakının növbəti təkliflərinin daha məhdud olduğunu görürük:
“Biz isə bunu 2020-2023-cü illər ərzində də müşahidə etdik. Ola bilsin ki, bundan sonra da eyni parametrlər davam etsin. Yəni Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya prosesində də Ermənistan Azərbaycanın təkliflərinə müsbət cavab verməsə, eyni situasiya yaşana bilər. Almaniya kansleri Şolsun təşəbbüsü ilə olan görüş üç tərəfli deyildi. Ona görə də Almaniya danışıqların məzmununa hansısa formada təsir edə bilməz. Sadəcə olaraq üçüncü tərəfin indiki məqamda funkusiyası Azərbaycan və Ermənistan üçün məkan təyin etməkdən ibarətdir”.
Orxan Amaşov həmçinin söyləyib ki, Azərbaycan üçün 2020-ci ildən sonra Qarabağ konflikti bitib:
“Çünki konfliktin orjinal məzmunu həmin ərazinin muxtar statusu ilə bağlı idi. İkinci Qarabağ müharibəsindən sonra xarici qüvvələr də Qarabağ konfliktinin bitməsi məsələsini qəbul etməyə məcbur qaldılar. Azərbaycan və Ermənistan dövlətləri arasında münasibətlərin normallaşma prosesi beynəlxalq məsələ deyil. İlham Əliyev and içmə mərasimində də qeyd etdi ki, heç kəs bu məsələ ilə bağlı hansısa iş görməyə cəhd etməsin”.